Ağcabədi Pedaqoji Kollecində “Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib +FOTO=29
Ağcabədi Pedaqoji Kollecində “Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 3 noyabr 2026-cı il tarixində Ağcabədi Pedaqoji Kollecində “Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün” adlı tədbir təşkil olunub.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, N saylı hərbi hissənin komandiri, polkovnik Vüqar Tağıyev, Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sevinc Niftalıyeva, kollecin direktoru Əhəd Məmmədov, kollecin əməkdaşları, Vətən müharibəsi iştirakçıları, müəllimlər və tələbələr iştirak ediblər.
Əvvəlcə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda 44 günlük Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğu vurğulanıb. Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinin daim ehtiramla yad edildiyi, qazilərimizin və müharibə iştirakçılarımızın gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğu qeyd olunub. Gənclərə Vətənə sədaqətlə xidmət etmək, bilik və bacarıqlarını artırmaq, ölkəmizin gələcəyinə töhfə vermək tövsiyə edilib.
Tədbir çərçivəsində Vətən müharibəsi iştirakçıları döyüş xatirələrini tələbələrlə bölüşüb, keçdikləri döyüş yolu, göstərdikləri şücaət və qəhrəmanlıq nümunələri barədə danışıblar. Tələbələr isə qəhrəmanlara minnətdarlıqlarını ifadə ediblər.
Tədbir Vətən müharibəsi qəhrəmanlarına dərin ehtiram və Vətənə məhəbbət ruhunda başa çatıb.



