Efirin sehrli səsi və görünməyən qəhrəmanları
Hər səhər radionun dalğasını çevirəndə və ya televizorun ekranını açanda biz sanki sadəcə bir cihazı işə salmırıq. Biz sərhədləri aşan, zamanı qısaldan, uzaqları yaxın edən nəhəng bir dünyanın qapısını döyürük. Televiziya və radio bizim evimizə qonaq gələn, sevincimizi bölüşən, dərdlərimizə həmdərd olan səssiz dostlarımızdır. Hər il noyabrın 6-sı isə bu sehrli aləmin arxasında dayanan, gecəsini gündüzünə qatan insanlara - efir fədailərinə təşəkkür etmək günüdür.
Azərbaycan radiotarixi 1926-cı ilin noyabrında "Danışır Bakı!" kəlməsi ilə başlanğıc götürdü. O zamanlar radio sadəcə xəbər vasitəsi deyildi; o, maariflənmək, dünyaya açılmaq, bir millətin səsinin uzaqlardan eşidilməsi demək idi. İllər keçdi, radioya ekranlar, görüntülər, rənglər əlavə olundu – televiziya həyatımıza daxil oldu. Texnologiya nə qədər dəyişsə də, ekranın və mikrofonun arxasındakı əsas qüvvə - insan amili həmişə eyni qaldı: səmimiyyət, peşəkarlıq və tükənməz yaradıcılıq eşqi.
Bir verilişin efirə getməsi, bir xəbərin tamaşaçıya çatdırılması sadəcə texniki proses deyil. Bu, böyük bir komandanın - rejissorların, operatorların, səsyazma mühəndislərinin, redaktorların və aparıcıların gərgin əməyinin məhsuludur. Onlar tamaşaçının gülüşünü, göz yaşını, həyəcanını və intizarını ekrana daşıyırlar. Bəzən canlı efirin gərginliyi, bəzən isə gecə yarısına qədər davam edən montaj otaqları kənardan romantik görünsə də, əslində ağır və məsuliyyətli bir zəhmətdir.
Amma bu zəhmətin ən gözəl mükafatı tamaşaçının və ya dinləyicinin etimadını qazanmaqdır. Səsinin tembri ilə minlərlə insanın qəminə məlhəm olan aparıcı, dünyanın o biri başından ən operativ xəbəri çatdıran jurnalist, hər kadrda estetik gözəllik axtaran operator - onların hamısı cəmiyyətin mənəvi inkişafında mühüm rol oynayır.
Keçmişi yada salanda göz önündə ilk olaraq lampalı radioqəbuledicilər, ekranı qaraldıqdan sonra belə otaqda sədası qalan televizorlar canlanır. O vaxtlar efir sadəcə informasiya mənbəyi deyil, həm də hər bir evin ən əziz, ən intizarla gözlənilən qonağı idi.
Keçmişi yad etmək sadəcə ötən günlərə heyifsilənmək deyil, həm də o təmiz, səmimi və peşəkar ənənələrdən güc almaqdır. Çünki bu gün daşıdığımız hər bir dəyər məhz o keçmişin zəhməti üzərində qurulub.
Bu gün, 6 noyabr tarixində həm ötən əsrin korifeylərini - efirə ilk dəfə səs salanları ehtiramla yad edirik, həm də müasir dövrün sürətli axarında ənənələrə sadiq qalan, sözün və görüntünün gücünü qoruyan hər bir media işçisini təbrik edirik. Qoy hər zaman efirlərimizdən xoş xəbərlər, gözəl musiqilər və zəngin mədəniyyət səsi gəlsin!
Xeyransa İsmayılova



