Ölməz ideyaların kölgəsində: Atatürkün Anım Günü
10 noyabr təqvimdə bir ölüm tarixi kimi görünsə də, əslində bir ideyanın, bir baxış bucağının və ölməz bir fəlsəfənin yenidən dərk edildiyi zamandır.
Mustafa Kamal Atatürk sadəcə 20-ci əsrin əvvəllərində imperatorluqların küləyindən yeni bir dövlət inşa edən sərkərdə deyildi. O, çöküş mərhələsində olan bir cəmiyyətə "mümkünsüz" deyilən hədəfləri göstərən və onları gerçəkləşdirən bir vizyoner idi. "Mənim naciz bədənim əlbət bir gün torpaq olacaq, lakin Türkiyə Cümhuriyyəti əbədi yaşayacaqdır" sözləri onun həyat fəlsəfəsinin ən təmiz xülasəsidir. O, öz şəxsi varlığını xalqının və ölkəsinin gələcəyinə qurban vermiş, hər addımını gələcək nəsillərin azadlığı üçün atmışdı.
Atatürkün liderlik sirri onun elmə, təhsilə, mədəniyyətə və tərəqqiyə verdiyi sarsılmaz inamda gizlidir. O, cəmiyyəti xurafatdan və gerilikdən qurtararaq müasir sivilizasiyalar səviyyəsinə yüksəltməyi əsas hədəf seçmişdi. Onun "Xeyrə qarşı ən böyük silahımız maarifdir" prinsipi bu gün də hər bir cəmiyyət üçün ən təməl həyat dərsi olaraq qalır. O, yalnız siyasi sərhədləri deyil, insan düşüncəsinin hüdudlarını da genişləndirmişdi.
Bu gün -10 noyabrda onu anmaq sadəcə keçmişə boylanmaq deyil; onun "ən böyük əsərim" dediyi Cümhuriyyətin dəyərlərinə sahib çıxmaq, gələcəyə daha inamla baxmaq deməkdir. Atatürkün qoyduğu miras hər bir azad düşüncəli insan üçün mayak rolunu oynamağa davam edir. Çünki ideyalar ölmür, əksinə, zaman keçdikcə daha da güclənir və nəsildən-nəslə ötürülür.
O, fiziki olaraq aramızdan ayrılsa da, hər bir azad addımda, hər bir elm yolçuluğunda və müstəqil düşüncədə yaşamağa davam edir.
Çünki bəzi liderlər yalnız yaşadığı dövrü idarə edir, böyük liderlər isə gələcəyi inşa edirlər. Atatürk bizə sadəcə keçmişin şanlı tarixini deyil, hər addımda yenidən kəşf edilməli olan işıqlı bir gələcək hədiyyə etdi.
10 noyabr - böyük bir sərkərdəyə ehtiram, onun əbədi ideallarına isə yenidən sədaqət andıdır.
Xeyransa İsmayılova



