Sevinc ƏDALƏTQIZI:
Milli Dirçəliş Günü: Azadlıq Meydanından Zəfərə uzanan şanlı yol
Azərbaycanın şanlı tarix salnaməsinə şərəflə yazılmış 17 Noyabr – Milli Dirçəliş Günü, xalqın öz kimliyini dərk etməsinin və özünə qayıdışının, eləcə də azadlıq mübarizəsi yolunda nümayiş etdirilən ümumxalqbirliyi əzminin qüdrətli, sarsılmaz simvoludur.
1988-ci ilin 17 noyabrından başlayan Xalq-Meydan Hərəkatı Azərbaycanın milli dirçəliş tarixində dönüş nöqtəsi oldu. Sovet rejiminin 70 illikəsarəti altında yaşayan xalq artıq bu köləlikdən qurtulmaq yollarını aramağa başlamışdı. O dövrdə çıxış yolu yalnız bir yumruq altında birləşmək idi. Xalq, azadlıq ideyası ətrafında toplaşaraq haqq səsini ucalda bildi.
Bu siyasi nümayişlər təkcə respublika daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurmağa başladı. Qarabağda baş verən hadisələr, ermənilərin yerli əhaliyə qarşı törətdikləri zorakılıqlar, soyğunçuluq və haqsızlıqlar xalqın mübarizə əzmini daha da gücləndirdi.
Ağdamlı gənclər Əli Hacıyev və Bəxtiyar Quliyev 1988-ci ilin fevralında Ağdamdan Əsgərana yürüş zamanı ermənilərin törətdikləri cinayətlərə qarşı etiraz səsini ucaldarkən Şəhid edilmişdilər.Bu etirazçıların qətli ölkəni bürüyərək tələbə gənclər arasında böyük hiddət doğurdu və Meydan Hərəkatının bünövrəsini qoyan ağrılı faciə zəminində mühüm hadisəyə çevrildi.
O dövrdə Şuşada Topxana meşəsi ətrafında baş verən hadisələr də Xalq-Meydan Hərəkatına zəmin yaratdı və onun şölələnən alovunu daha da gücləndirdi. Topxana meşəsindəki palıd ağaclarının kəsilməsi, Şuşanın əsrarəngiz təbiətinə balta çalınması ilə vurulan ziyanın sübutu kimi kütləvi etirazlara səbəb olmuşdu.
Bu hərəkatın gedişində ictimai-siyasi proseslər baxımından 4–5 dekabr günləri həlledici məqamlardan biri idi. Kommunizmin ağır texnikası tərəfindən Meydana qoşun yeridildi. Xalqın azadlıq istəyinə həmlə edilməklə mitinq qüvvəsi dağıdıldı. Lakin ürəklərdəki azadlıq eşqini söndürmək, xalqın düyünlənmiş yumruğunu çözmək mümkün olmadı.
Meydanlara axışan yüz minlərlə insan arasında gənclər xüsusi fəallıq göstərirdilər. Universitetlərdə yaradılan tələbə təşkilatları, dayaq dəstələri xalqı birliyə çağırır, həmin tələbələr mübarizənin ön sıralarında gedirdilər. O vaxtkı Lenin Meydanı (sonradan Azadlıq Meydanı) bu mübarizənin mərkəzinə çevrildi və tariximizə xalqın azadlıq carçısı kimi daxil oldu.
Xalq artıq baş verən haqsızlıqlara səssiz qalmadı. Uzun illər boyu təzyiqlər altında əzilmiş millət bu dəfə mübarizənin ilk qığılcımlarını hiss edərək azadlığa inanırdı. Çünki xalqın qəlbində müstəqillik və azadlıq toxumları boy atmağa başlamışdı. Bu isə artıq açıq-aşkar sovet hakimiyyətinə qarşı göstərilən ilk qəti etiraz idi. O dövrdə insanların birliyi sarsılmaz qüvvəyə malik idi. Hər kəs eyni amal uğrunda — azadlıq, müstəqillik və suverenlik naminə mübarizə aparırdı. “İrəli, yalnız irəli!” şüarı xalqın birliyinin rəmzinə çevrilmişdi. Xalq-Meydan Hərəkatı sübut etdi ki, millət bir amal ətrafında birləşəndə heç bir qüvvə onu dayandıra bilməz.
1988-ci ildə başlamış Xalq-Meydan Hərəkatı sonradan Azərbaycanda MilliAzadlıq Hərəkatına çevrildi. Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin rəhbərliyi altında ölkə ərazisində kütləvi mitinqlər keçirilməyə başladı.
1990-cı ilin 20 Yanvar gecəsi isə bu şərəfli mübarizənin ən dramatik və həlledici mərhələsi oldu. Bu nəhəng mübarizə meydanında qan töküldü, çox sayda qəhrəman Şəhid övladı canını qurban verdi. Azadlığımız tarix salnaməsinə onların qanı ilə yazıldı. Xalqımız bu gün milli dirçəliş yolunun ilk qurbanlarını minnətdarlıq və qürur hissiylə yad edir.
1988–1991-ci illəri əhatə edən bu alovlu hərəkat nəticəsində Azərbaycan ikinci dəfə müstəqilliyini qazandı. Ölkənin müstəqillik aktı 18 oktyabr 1991-ci ildə qəbul olundu. 1992-ci ildən etibarən isə 17 Noyabr – Milli Dirçəliş Günü rəsmi dövlət bayramı kimi qeyd edilməyə başlandı.
Artıq Dirçəliş Günümüz Zəfər Gününün qürur və şərəf dolu təntənəsi ilə qeyd olunur. Bir zamanlar azadlıq uğrunda aparılan mübarizələrə, həmçinin Qarabağı qorumaq üçün baş vermiş mücadilələrə baxmayaraq, torpaq itkisi xalqın qəlbində ağrılı bir yara olaraq qalmışdı. Lakin haqq öz yerini tapdı. 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və uğurlu siyasəti, eləcə də qüdrətli ordumuzun misilsiz şücaəti nəticəsində torpaqlarımız düşmən tapdağından azad edildi. Eyni zamanda, xalqın milli mübarizə əzminin əbədiləşdiyi nəhəng Azadlıq Meydanında Qələbə Paradı da keçirildi.
Azərbaycanın qəhrəmanlıq dolu mübarizə salnaməsinə tarixi mövqedən baxıldıqda, milli düşüncədə bu əlamətdar günün ideoloji və siyasi əhəmiyyəti dərindir.Milli Azadlıq Hərəkatı 17 Noyabr tarixini müstəqillik və dirçəliş ruhunun əbədi rəmzinə çevirmişdir.
Sevinc ƏDALƏTQIZI



