Azərbaycanlı rəssamlar Türkiyədə-BEYNƏLXALQ SULU BOYA FESTİVALLARINDA ölkəmizi təmsil ediblər +FOTO=10
Türkiyənin Akçakoca və İzmir şəhərlərində təşkil olunan beynəlxalq sulu boya festivallarında Azərbaycanı 10 nəfərlik rəssam heyəti təmsil edir. Bu əlamətdar tədbir, sulu boya sənətinin dünya miqyasında inkişafına dəstək verməklə yanaşı, sənət vasitəsilə dünya sülhünə töhfə verməyi, mədəniyyətlərarası sevgi və dözümlülük (tolerantlıq) duyğularını gücləndirməyi, eləcə də sənətin birləşdirici gücü ilə millətləri bir araya gətirməyi və rəssamların yaradıcı paylaşımını təşviq etməyi məqsəd qoyur.
Festival, dünyanın ən nüfuzlu sulu boya təşkilatlarından biri olan IWS Globe – International Watercolor Society tərəfindən təşkil edilir. Bu beynəlxalq təşkilat 2012-ci ildə tanınmış türk sulu boya ustası və mədəniyyət diplomatı Atanur Doğan tərəfindən təsis edilib. Hal-hazırda 120-dən artıq ölkədə fəaliyyət göstərən IWS Globe, sulu boya sənətinin beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayır.
Yalnız sənətçi deyil, eyni zamanda sulu boyanı mədəniyyətlərarası dialoqun vasitəsi kimi istifadə edən öncül şəxsiyyət olan Atanur Doğanın rəhbərliyi ilə keçirilən bu festivalda iştirakçılara yalnız sənət əsərlərini deyil, həm də milli dəyərlərini, ənənəvi geyimlərini və sənət baxışlarını təqdim etmək imkanı verilir. Tədbirin yüksək səviyyədə təşkil olunması, Atanur Doğanın sənətə və mədəni diplomatiyaya verdiyi önəmin göstəricisidir.
Azərbaycan nümayəndə heyətinə IWS Azərbaycanın sənət meneceri Elminaz Qəhrəmanova, IWS Art for Healing layihəsinin rəhbərləri Rahim İbrahimov və Elminaz Qəhrəmanova, IWS Art Sumqayıt Mərkəzinin direktoru İntiqam Cəfərov, eləcə də tanınmış rəssamlar Ehtiram Kərimov, Məlahət Kərimova, Aynurə Mahmudlu, Genirə Vəliyeva və Pərvanə Əhmədova daxildirlər.
Rəssamlarımız həm əsərləri, həm də ənənəvi geyimləri ilə çıxış edərək Azərbaycan mədəniyyətini yüksək səviyyədə təmsil etmişlər. Akçakoca Qaymakamlığı, Akçakoca Bələdiyyəsi, IWS Globeun prezidenti Atanur Doğan və Akçakoca Art Networkun rəhbəri Yaşar Birinci tərəfindən nümayəndə heyətimizə xüsusi diqqət və qonaqpərvərlik göstərilmişdir.
Festivalın növbəti və yekun mərhələsi isə 2025-ci il mayın 25-də İzmir şəhərində baş tutacaq. Azərbaycanlı rəssamlar burada da sənətləri və mədəni kimlikləri ilə çıxış edərək ölkəmizi beynəlxalq aləmdə fəxrlə təmsil etməyə davam edəcəklər.


