Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Bəybala Mirzəyev: 

Partiyaların "olum, ya ölüm" dönəmi davam edir...

"Siyasi partiyalar haqqında" yeni qanunun bu ilin əvvəlində qüvvəyə minməsindən sonra 31 partiya öz fəaliyyətini dayandırıb, necə deyərlər, könüllü surətdə özünü buraxıb. Hər halda yaydıqları bəyanatlardan belə görünür.

Hətta ən ipə-sapa yatmayan, müxalif partiyalardan biri sayılan AY Partiya (Azərbaycan Yüksəliş Partiyası) da iyun ayında öz qərarı ilə fəaliyyətinə xitam verib.

Yeri gəlmişkən, AY Partiya başqanının siyasi məsələlər üzrə keçmiş müavini Rəşad bəy bu yaxınlarda Visiontv.az saytının baş redaktoru, hörmətli həmkarımız Şöhrət El-Dənizin səhifəsində mənim siyasi partiyaların bağlanmasına həsr etdiyim "Bağlananlar" adlı yazıma yazdığı rəyində bəndənizi cəsarətsizlikdə qınamış, iqtidarın ünvanına heç bir tənqidi fikir səsləndirmədiyimi bildirmişdi. Mən həmin rəyin üzərindən sadəcə gülümsəyərək keçmişdim.

Niyə gülümsəmişdim?

Çünki bağlanan partiyaların demək olar ki, hamısı öz fəaliyyətini könüllü surətdə dayandırdığını bəyan edib. Heç biri durub demədi ki, mən bağlanmaq istəmirdim və yaxud, biz fəaliyyətimizi dayandırmaq istəmirdik, iqtidar bizi məcbur etdi ki, fəaliyyətimizi dayandıraq.

Hətta AY Partiyanın keçmiş başqanı Anar Əsədli də partiyanın son bəyanatında heç bir narazılıq-flan ifadə etməyib.

Yaxşı, əgər siz öz halınızdan, öz durumunuzdan və öz qərarınızdan razısınızsa, məmnunsunuzsa, elə isə mən niyə sizin əvəzinizdən iqtidarı tənqid etməliyəm ki?

Bu arada, deyəsən, Rəşad bəy özü də artıq siyasətdən uzaqlaşıb.

Birdəki, mən bu yazıları siyasi partiyaları və ya iqtidarı tənqid etmək üçün yox, sadəcə olaraq oxucularımızı siyasi partiyalar sektorunda baş verən yeniliklərlə bağlı məlumatlandırmaq üçün yazıram. Buna faktların konstatasiyası da demək olar.

Özüm isə bir müəllif kimi mümkün qədər neytral qalmağa çalışıram. Yəni ki, nə iqtidarın, nədəki siyasi partiyaların vəkili rolunda çıxış etmək fikrim yoxdur. Tənqidi fikir bildirməyə zərurət yarananda isə onsuz da heç kimdən çəkinmədən fikirlərimi bildirirəm.

Hazırkı məqamda isə ən son yeniliklərdən biri budur ki, 31 partiya bağlansa da, 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə (ƏN) təqdim edib.

ƏN isə öz növbəsində srağa gün REAL Partiyasının təqdim etdiyi siyahını geri qaytarıb və həmin siyahıdakı 5 min nəfərdən cəmi 463 nəfərin real şəxs, həqiqi üzv olduğunu bildirib. Eyni zamanda REAL Partiyasına 30 gün vaxt da verilib ki, həmin müddət ərzində siyahını qaydasına salıb yenidən nazirliyə təqdim etsinlər.

Ötən gün isə Müsavat Partiyası da analoji hal ilə üzləşib. Müsavat Partiyasının başqanı Arif Hacılı Facebook hesabında bildirib ki, Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab alıblar.

A.Hacılının sözlərinə görə, nazirlik siyahıdakı çatışmazlıqları aradan qaldırmaq və yenidən tərtib etmək üçün Müsavata 30 gün vaxt verib.

"Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkralanıb. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir", - deyə Arif Hacılı qeyd edib.

Göründüyü kimi REAL-ın sədri İlqar Məmmədovdan fərqli olaraq Arif Hacılı ƏN-in bu qərarını, mövqeyini çox təmkinlə qarşılayıb.

A.Hacılı arxayın görünür. Çünki bütün məsələləri hüquq müstəvisində müzakirə edib, həll edə biləcəklərinə əmindir.

"Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq", - Müsavat başqanı belə deyib.

Müsavat Partiyasının həqiqətən də belə bir potensialı var. Bu partiya ölkədə ən çox insan resurslarına malik olan qocaman partiyalardan biri sayılır.

Siyahını və reyestr məlumatlarını qaydalara, standartlara uyğun hazırlayıb tərtib etmək və qeyd olunan müddət ərzində ƏN-ə təqdim etmək isə peşəkarlıq tələb edir. İndi gözləyək görək Müsavat Partiyası qarşıdakı 1 ay ərzində belə bir peşəkarlıq nümayiş etdirə biləcəkmi...

(Ardı var)

Yazının əvvəlki hissələri bu keçiddə:

https://www.facebook.com/beybala.mirzeyev/posts/pfbid022mQaxzaVTk9kR8GBTdfyrDH3D5UPtdRAoRHZa6VdvFd2YkPBbQ4jy8qM1KS7teHnl

Best coffeeshop in Berlin