Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Orxan Bahadırsoy: 

Ömür yoldaşıma...

Səadət payımın doğulduğu gündür! Doğum günün mübarək, əzizim!

Sən - ömrümün yoldaşı, hər günümün yoldaşı,

gəldin səadət kimi, nə xoş gəldin yanıma!

Mən ki, bitmək bilməyən ölüm-qalım savaşı,

gəldin mükafat kimi, mənim imtahanıma!

 

Ruhuna alqış tutar əllərim qabar-qabar...

Fikrindən havalanar saçlarım qübar-qübar...

Sənin hər sığalında ruhumdan bir dərd qopar,

mən səni nəfəs-nəfəs bürüyürəm canıma.

 

Sənin qayğılarını hər halından bilirəm!

Gülüşünü ömrümün amalından bilirəm!

Heç kimə bənzəmirsən camalından, bilirəm,

bəxtindən, taleyindən bənzəyirsən anama.

 

Mənə qatlaşmaq çətin, mənə dözmək hünərdir!

Məni qismətin sənə bir şans oyunu verdi!

Gördün ki, dörd tərəfim aşılmayan çəpərdir,

sənsə hər şeyə rəğmən, gəlmisən ünvanıma.

 

Eşqdə əbədiyyətim, sonsuzda birim mənim!

Heç kimə demədiyim ən ülvi sirrim mənim!

Bu dünyada ən rahat, ən gözəl yerim mənim,

mən səndə çoxalıram, kök salıram qanıma.

 

Gözlərində alovum, sinən üstə odum var!

Elə bəxtəvərəm ki, ürəyində adım var!

Mən gördüm ki, dünyada sənin kimi qadın var...

səni təkcə mən bilim, səni sən də tanıma!

 

Cilvəndə kəpənəksən, inadın qırar daşı!

Səbrimin cilovusan, kədərimin sirdaşı!

Sən - qızımın anası, həyatımın yoldaşı,

nə xoş ki, doğulmusan dövrümə, zamanıma!

Ömür yoldaşıma...

Orxan Bahadırsoy

Best coffeeshop in Berlin