Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc Qrafikanın Zərif Nəfəsi - Aydan Vəliəhd

Təsviri sənətin bənzərsiz duyum və estetik baxış tələb edən sahəsində öz dəsti-xəttini formalaşdırmaq bacarığı hər bir rəssamın fərdi potensialı ilə yanaşı, aldığı təhsil, keçdiyi yaradıcılıq yolu və daxili zənginliyi ilə də bağlıdır deyə bilərik. Bu xüsusiyyətləri özündə birləşdirən çağdaş dövrümüzün gənc rəssamlardan biri də Aydan Mirtalıb qızı Vəliəhddir.
1990-cı il martın 14-də Bakı şəhərində dünyaya gələn Aydan Vəliəhd ilk bədii təhsilə hələ məktəbli yaşlarında yiyələnmişdir. Binəqədi rayonu 246 saylı liseydə orta məktəbə başlamış, eyni zamanda 2000-ci ildən etibarən Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayında rəsm dərnəyinə qoşulmuşdur. Sənətə ilk addımlarını ataraq böyük uğurlar qazanmışdır. Onun istedadını erkən dövrdə fərq edən və bu yolda ilk bələdçisi olmuş müəllimi Əliyeva Reyhan xanım olmuşdur. 
Yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə o, 2011–2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Qrafika ixtisası üzrə təhsil almış, burada Xalq rəssamları Cəmil Müfizadə və Arif Hüseynov kimi sənətkarlardan dərs almışdır. Akademiyadakı təhsilini uğurla başa vurarkən təsvir etdiyi “Tıq-tıq xanım” adlı diplom müdaifəsi işi Arif Hüseynov tərəfindən yüksək qiymətləndirilmişdir. Gənc rəssamın yaradıcılığı onun davamlı sənət axtarışında olduğunu, forma və məzmun vəhdətində fərqli yanaşmalar axtardığını göstərir. Əsərlərində müşahidə edilən həssas duyum, xüsusilə təbiət motivlərinə estetik yanaşması onun incə ruh dünyasının bariz təzahürüdür. Günün müxtəlif vaxtlarında müşahidə etdiyi mənzərələri, təbiətin ovqat dəyişikliklərini sənət dilinə çevirə bilməsi Aydan Vəliəhdin müşahidə qabiliyyətinin və duyğu zənginliyinin göstəricisidir. Buna misal olaraq ərsəyə gətirdiyi “Bahar gəldi”, “Bahar”, “İnci çiçəkləri”, “Əncirlər” və s. adlı əsərlərini sadalamaq olar.  Onun iştirakı ilə reallaşan bir çox sərgi və müsabiqələr sırasında “Şuşa bilmirəm”, “Xocalını Unutma və Unutdurma”, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, “Xəyalımın illüstrasiyaları”, “İstedad sorağında” kimi layihələr xüsusi qeyd olunmalıdır. Aydan Vəliəhd bu layihələrdə fəal iştirak etməklə yanaşı, dəfələrlə diplom və mükafatlara da layiq görülmüşdür.
2015-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının gənclər, 2025-ci ildən isə əsas bölməsinin üzvü olan Aydan Vəliəhdin fərdi yaradıcılığı 2019-cu ilin dekabrında tam mənada sənətsevərlərin qarşısında təqdim olunmuşdur. Qarışıq texnika və qrafik əsərlərdən ibarət “QRAFİKA-2019” adlı fərdi sərgisində nümayiş olunan 30-dan çox əsər tamaşaçılarda dərin estetik təəssürat yaratmışdır.
Bu gün də yaradıcılıq yolunu inamla davam etdirən Aydan Vəliəhd, sənətdə sadəliklə dərinlik, sükutla danışan forma arasında mükəmməl bir harmoniya yaratmağı bacaran, çağdaş Azərbaycan təsviri sənətində öz yerini formalaşdırmaqda olan istedadlı sənətkar kimi diqqət çəkir.

Ziyarət Cabarova-Qəhrəmanova
Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi,
ARİ-nın gənc sənətşünaslar bölməsi üzrə prezident təqaüdçüsü

Best coffeeshop in Berlin