Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-nun doktorantları olan indoneziyalı cütlük: “Bizi Universitetin beynəlxalq elmi nüfuzu cəlb etdi”

Bakı Dövlət Universiteti (BDU) müxtəlif ölkələrdən gələn xarici tələbə və tədqiqatçılar üçün cəlbedici ali təhsil məkanıdır. İndoneziya vətəndaşları olan Abdul Varis və Reza Aprianti hazırda BDU-nun Sosial elmlər və psixologiya fakültəsində “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində doktorantura təhsili alırlar. Övladları ilə birgə Azərbaycana gələn cütlük günlük yaşamları, Universitetdəki təhsil mühiti, gələcək planları ilə bağlı təəssüratlarını bizimlə bölüşüblər: 
 

- BDU-da təhsil almağa necə qərar verdiniz?
 

- Abdul Varis:
 

BDU-nu seçməyimizin əsas səbəbi Universitetin beynəlxalq elmi nüfuzudur. Xüsusilə QS reytinqində 688-ci yeri tutması, zəngin kitabxana fonduna və elmi resurslara sahib olması, eləcə də “Scopus” bazasında indekslənən jurnallarda dərc olunan tədqiqatların intensivliyi bizim üçün önəmli göstəricilər idi. BDU-nun akademik mühiti, müasir tədqiqat imkanları və peşəkar müəllim heyəti burada elmi fəaliyyətimizi inkişaf etdirmək üçün geniş şərait yaradır.
 

- Reza Aprianti:
 

“Sosial kommunikasiya” ixtisası üzrə doktorantura təhsili alıram. Elmi maraq dairəmə kütləvi kommunikasiya, fəlakət kommunikasiyası və semiotika daxildir. İndoneziyada ali təhsil müəssisəsində müəllim, laboratoriya müdiri, proqram koordinatoru, elmi jurnal redaktoru kimi fəaliyyət göstərmişəm. Bir sıra beynəlxalq konfranslarda məruzələrlə çıxış edib, nüfuzlu jurnallarda məqalələr dərc etdirmişəm. BDU-nun elmi potensialı, beynəlxalq əməkdaşlıq imkanları və Azərbaycanla İndoneziya arasında olan mədəni yaxınlıq bu Universiteti seçməyimizdə mühüm rol oynadı.
 

- Azərbaycanda özünüzü necə hiss edirsiz? 
 

- Reza Aprianti:
 

Azərbaycana ilk gəlişimizdə bizi insanların səmimiyyəti və mehribanlığı heyran etdi. Bakı çox təhlükəsiz və yaşamaq üçün əlverişli bir şəhərdir. Hər kəs bizə istiqanlı yanaşdı, heç bir çətinlik yaşamadıq.
 

Abdul Varis:
 

Biz tropik iqlimə malik bir ölkədən gəlmişik. Burada isə dörd fəsil yaşanır, qış aylarına uyğunlaşmaq əvvəlcə bir qədər çətin oldu, amma zamanla öyrəşdik. Azərbaycanın zəngin təbiəti bizi heyran etdi. İlk dəfə qarı burada gördük. Çox əyləncəli zaman keçirdik. Hətta övladlarımızla qar adam da düzəltdik.

 

- Mətbəxlərimiz çox fərqlidir. Necə uyğunlaşdınız?
 

- Abdul Varis:
 

İndoneziyada biz demək olar ki, hər gün düyü ilə qidalanırıq. Azərbaycanda isə çörək əsas yer tutur. Bu, bizim üçün yeni və maraqlı bir təcrübə oldu.
 

Reza Aprianti:
 

Azərbaycan mətbəxi çox zəngindir. Ən çox sevdiyimiz yemək dolmadır. Bu yemək həm fərqli, həm də bizə tanış dadları özündə birləşdirir. Buradakı süfrə mədəniyyəti də diqqətimizi çəkdi. Bizdə acılı qidalar çox məşhurdur. Ona görə də tərəvəzləri özüm qurudub qış üçün hazırlıq görürəm.
 

- Övladlarınızın təhsilini necə təşkil edirsiz? 
 

- Abdul Varis:
 

Üç övladımız var, onlardan ikisi İndoneziyadakı məktəblərində təhsillərini onlayn şəkildə davam etdirirlər. Başlanğıcda çətinliklər olsa da, artıq bu sistemə uyğunlaşmışıq. Burada ailə həyatı üçün təhlükəsiz və stabil mühit mövcuddur.
 

Reza Aprianti:
 

Azərbaycan ailə ilə yaşamaq üçün olduqca münasib ölkədir. İnsanlar anlayışlı və mehribandır. Uşaqlar da buradakı şəraitə tez uyğunlaşıblar və özlərini rahat hiss edirlər.
 

- BDU-da elmi fəaliyyət üçün imkanlar sizi qane edirmi?
 

- Reza Aprianti:
 

BDU-da təhsil keyfiyyəti bizi tam qane edir. Professor-müəllim heyəti tələbələrə fərdi yanaşır, dərslər interaktiv və məzmunlu keçirilir. Kitabxana və elmi bazalar müasir tələblərə cavab verir.
 

Abdul Varis:
 

BDU bizə yalnız nəzəri bilik deyil, həm də elmi tədqiqat aparmaq üçün geniş imkanlar təqdim edir. Bu Universitet həm akademik, həm də sosial baxımdan bizim üçün ideal mühit yaradıb. 
 

- Azərbaycanda akademik fəaliyyətinizi davam etdirməyi planlaşdıırırsınızmı?
 

- Abdul Varis:
 

Təhsilimi başa vurduqdan sonra Azərbaycanda qalıb elmi fəaliyyətimi davam etdirmək istəyərdim. Hələlik konkret qərar verməmişik, amma Azərbaycan artıq bizim üçün ikinci evə çevrilib.
 

Reza Aprianti:
 

Gələcək planlarımızda Azərbaycanda və ya İndoneziyada elmi fəaliyyətimizi davam etdirmək yer alır. Hər iki ölkə ilə elmi əlaqələri möhkəmləndirmək istəyirik.
 

- BDU-da təhsil almaq istəyən xarici tələbələrə tövsiyəniz nələrdir?
 

- Reza Aprianti:
 

Azərbaycan çox qonaqpərvər ölkədir. BDU isə beynəlxalq səviyyədə tanınan, keyfiyyətli təhsil verən nüfuzlu bir universitetdir. Xarici tələbələr çəkinmədən müraciət edə bilərlər.
 

Abdul Varis:
 

Əgər məqsədiniz elmi inkişaf və beynəlxalq təcrübədirsə, Bakı Dövlət Universiteti sizin üçün doğru seçimdir. Burada həm akademik, həm də insani baxımdan dəyərli təcrübələr qazanmaq mümkündür.

Hazırladı: Nərminə Əsədova

Best coffeeshop in Berlin