III Şuşa Qlobal Media Forumunun əhəmiyyəti
“Biz dünyadakı tendensiyaların arxasınca getməliyik. Sadəcə, oturub gözləyə bilmərik”
Prezident İlham Əliyev
Son illər qlobal mövzulu toplantıların Azərbaycanda, xüsusilə Qarabağda keçirilməsi artıq ənənə halını alıb.
Bu baxımdan, milli mətbuatımızın 150 illiyi ərəfəsində Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu (19-21 iyul 2025-ci il) regional və beynəlxalq məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda, 52 ölkədən 140 nümayəndə, 30-a yaxın informasiya agentliyinin və 80 media qurum əməkdaşının iştirak etdiyi Forumda Respublika Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan xalqının iradə və mövqeyini ortaya qoyurdu.
Dövlətimizin başçısı Forumdakı çıxışında 2030-cu ilə qədər imzalanmış investisiya müqavilələrindən, “Yaşıl Keçid Proqramı”nın həyata keçirilməsindən, Qarabağın bərpası, nəqliyyat, logistika, enerji infrastrukturunun yenilənməsi yönümündə görülən işlərdən, 2020-ci ildə 44 gün ərzində, 2023-cü ilin sentyabrında bir gün ərzində yeni reallıqlar yaradılmasından, azad olunan torpaqlara “Böyük Qayıdış”dan, Şərqi Zəngəzurun dirçələcəyindən, ölkəmizin xarici siyasəti və sülh imkanlarından, ABŞ-Azərbaycan münasibətlərindən, Qərbin Azərbaycana qarşı mənfi və ədalətsiz ictimai rəy formalaşdırmasından, mediamızın nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidəki nüfuzundan və region üçün əhəmiyyət kəsb edən bir sıra strateji, aktual məsələlərdən bəhs etdi.
Azərbaycan liderinin çıxışı və jurnalistlərin suallarına cavabları zamanı səsləndirdiyi bəyanatlar bu gün dünya mediasının diqqət mərkəzindədir.
Ölkə rəhbərinin vurğuladığı kimi “Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu adət-ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, daha çox coğrafi əhatə var... Bütün bunlar göstərir ki, açıq müzakirələrə böyük ehtiyac var, açıq mühitdə bu müzakirələr aparılmalıdır. Biz nəinki media icmasının gündəliyinə, o cümlədən qlobal gündəliyə aid məsələləri müzakirə etməliyik”.
Forum çərçivəsində iştirakçılar Ağdam rayonuna və Xocalıya səfər etdilər, qonaqlar eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə erməni vəhşiliyinin şahidi oldular.
Azərbaycanın təşəbbüsü ilə formalaşan bu forum mühüm məsələlərin müzakirəsi baxımından təkcə yerli mediamız üçün deyil, həm xarici KİV təmsilçiləri üçün də kifayət qədər faydalı oldu, həm də Xankəndinin, Qarabağın zəngin mədəni irsinin dünyaya təqdimatına çevrildi.
Xanım ƏLİYEVA,
YAP Masallı rayon təşkilatı, Mahmudavar ərazi partiya təşkilatının sədri


