Bəybala Mirzəyev:
TOPONİMLƏR MÜHARİBƏSİ: Azərbaycan Rusiya mediasına Xankəndi gerçəyini qəbul etdirməyi bacardı
2025-ci ilin avqustun 1-i Rusiya-Azərbaycan münasibətləri tarixinə "Toponimlər müharibəsi" kimi düşdü (yeri gəlmişkən, bu gün həm də ölkəmizdə Azərbaycan Əlifbası və Ana Dili Günü kimi qeyd olunur. Toponimlər - yəni yer adları da dövlət dilinin mühüm atributlarından biri sayılır).
Qeyd edək ki, dünən Rusiyanın rəsmi xəbər qurumu olan TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli yazı dərc etmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də dərhal xəbərdarlıq edərək, TASS informasiya agentliyindən həmin başlıqda müvafiq düzəliş edilməsini və eyni zamanda, üzr istənilməsini gözlədiyini bildirmişdi.
Lakin Kremlin mənasız "qürur xəstəliyi" (və yaxud, imperiya xisləti) ilə yoluxmuş TASS agentliyi nə üzr istədi, nədəki düzəliş etməyə tələsdi. Bunu görən AZƏRTAC (Azərbaycan Dövlət İnformasiya Agentliyi) isə olduqca maraqlı, effektiv və çevik təsir gücünə malik bir üsula əl atdı.
Belə ki, AZƏRTAC Rusiyanın TASS agentliyinə rəsmi etiraz bəyanatı yayaraq, 31 iyul tarixində TASS-ın “Xankəndi” əvəzinə “Stepanakert” ifadəsini işlətməsi addımını Azərbaycan xalqının hisslərinə qarşı hörmətsizlik kimi qiymətləndirdi və "Əgər TASS bu xətanı düzəltməzsə..." xəbərdarlığı ilə TASS-ın qarşısında belə bir tələb qoydu - əgər TASS bu xətanı düzəltməzsə, Azərbaycan tərəfi də Rusiya şəhərləri ilə bağlı tarixi adlardan istifadə etməyə başlaya bilər.
Sitat:
"AZƏRTAC bəyan etmək səlahiyyətinə malikdir ki, agentlik TASS ilə xoş münasibətləri qorumaqda qərarlıdır, eyni zamanda, rusiyalı həmkarlarından buraxılmış səhvin düzəldilməsini gözləyir. Əgər Azərbaycan tərəfi qarşılıqlı münasibət və anlayış görməzsə, o zaman böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər adların tarixi adlarını yada salıb istifadə etməyə məcbur qalacağıq".
Bu xəbərdarlıq qarşı tərəfi dərhal hərəkətə keçməyə məcbur etdi.
AZƏRTAC-ın xəbərdarlığından sonra TASS informasiya agentliyi Xankəndidə rusiyalı marinist rəssam İvan Ayvazovskinin abidəsinin sökülməsi ilə bağlı yazının sərlövhəsində dəyişiklik etdi, “Stepanakert” sözünü həmin başlıqdan sildi.
Lakin TASS qondarma "Stepanakert" sözünü “Xankəndi” adı ilə yox, “Dağlıq Qarabağ” ifadəsi ilə əvəzləməklə, necə deyərlər, qaş qayırdığı yerdə vurub gözü də çıxartdı.
Ancaq rəsmi Bakının israrlı mövqeyindən sonra TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərdə növbəti dəfə düzəliş etdi və sözügedən başlığın yenilənmiş versiyasında "Dağlıq Qarabağ" ifadəsi dəyişdirilərək “Qarabağ” ilə əvəzləndi.
Beləliklə, Azərbaycan XİN-in və AZƏRTAC-ın çevik və qətiyyətli tələbkarlığı nəticəsində qarşı tərəf geri çəkilməli oldu. Mixail Qusmanın işdən uzaqlaşdırılmasından dərhal sonra sürətlə "erməniləşmə" mövqeyi tutan TASS bu savaşı açıq şəkildə uduzdu.
Söhbət iki ölkənin mediaları arasında toponimlər savaşından gedir.
AZƏTAC-ın Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Volqa çayı (İtil) və s. kimi Rusiyanın hazırkı inzibati vahidlərini öz tarixi adları ilə təqdim edəcəyi barədə xəbərdarlığı həqiqətən də əla düşünülmüş bir taktiki gediş idi.
Azərbaycan tərəfinin belə bir taktiki gedişi çar Rusiyasının və keçmiş SSRİ imperiyasının işğal etdiyi, müstəmləkə altına saldığı bütün xalqların gen yaddaşının oyanması üçün qığılcım rolunu oynaya bilərdi. Bu isə öz növbəsində Kremli yeni reallıqlarla üz-üzə qoya bilərdi. Kalininqradın öz tarixi adıyla - Köniqsberq kimi təqdim edilməyə başlanması isə, ümumiyyətlə, Rusiyanın bu ərazini yaxın gələcəkdə tamamilə itirməsi ehtimalını da ortaya çıxarmış olurdu.
Bakının belə bir effektiv cavab addımına əl atacağını Kremldə çox güman ki, gözləmirdilər. Bakı Moskvanı Xankəndi həqiqətini qəbul etməyə məcbur etdi.
P.S.
Yeri gəlmişkən, Azərbaycanın Rusiyanın neoimper, qeyri-dost davranışlarına qarşı cəsarətli cavab addımları Türküstan (Mərkəzi Asiya) ölkələrində də böyük diqqət və həm də rəğbətlə izlənilir. Azərbaycan bütün Türk dünyası üçün örnəyə çevrilir.


