Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ərkivanda abadlığın Bağlakücə nümunəsi - MASALLI

 

Masallı şəhəri ilə çiyin-çiyinə söykənən Ərkivan qəsəbəsi rayonun ən iri və dinamik yaşayış məskənlərindən biridir. Burada həm yerli sakinlərin, həm də müxtəlif təşkilatların birgə səyi ilə ərazinin davamlı inkişafı və abadlaşdırılması istiqamətində mühüm addımlar atılır.
Masallı Rayon İcra Hakimiyyətinin Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə, həmçinin xeyirxah insanların fəal iştirakı ilə həyata keçirilən abadlıq-quruculuq işləri təkcə infrastrukturu yaxşılaşdırmır, həm də cəmiyyətin sosial həyatını canlandırır. 
Qəsəbənin əsas diqqət mərkəzində olan hissələrindən biri Bağlakücədir. Burada, yayın qızmar günlərinə baxmayaraq, yollarda və ətrafda ciddi işlər görülür. 
Ərazidə müasir formalı giriş qapısı hazırlanıb, işıqlandırma sistemi qurulub. Yol kənarları kol-koslardan təmizlənir, suötürücü arxlar, kanallar sahmana salınır, yollar genişlənir. Məhəllə qəbiristanlığında artezian quyusu qazılıb, su çəni qoyulub, ön hissəsinin hasarı, yolu təmir edilib. Bütün bu işlər, həmçinin işıqlandırma sistemlərinin yenilənməsi və ağacların budanması kimi əməliyyatlar, qəsəbənin görünüşünü müasirləşdirərək, sakinlər üçün daha rahat və təhlükəsiz mühit yaradır.
Bu inkişaf və dəyişikliklərdə isə, xüsusilə qəsəbə sakini Müşfiq Nuriyevin əvəzsiz rolu var. Onun rəhbərliyi, əzmkarlığı və işə olan fədakarlığı, bütün işlərin yüksək səviyyədə həyata keçirilməsinə səbəb olmuşdur. O, deyir:
—Bağlakücə məhəlləsində başlayan abadlıq işləri təkcə bu ərazini deyil, ümumiyyətlə qəsəbəmizin bütün istiqamətlərini əhatə edəcək. Bizim məqsədimiz yalnız bu bölgədə deyil, digər məhəllələrdə də yeniləşməni, inkişafı təmin etməkdir.
Bundan əlavə, Müşfiq və onun ətrafındakı komanda, qonşu Milyondi və Zeynoba məhəlləsində də abadlıq işlərini dəstəkləməkdədirlər. Bu tip layihələr, sadəcə fiziki dəyişikliklər deyil, həm də insanların bir-birinə olan bağlılığını, birgə əməkdaşlıq və güclü sosial dəyərlərin qorunmasına xidmət edir.
Necə ki, ötən ilin sonunda evi yanan bağlakücəli Yadulla Fitat oğlu Əliyevin ailəsi üçün Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, qəsəbə xeyriyyəçilərinin maddi dəstəyi ilə qısa müddətdə hər cür şəraitli ev tikilərək vətəndaşın istifadəsinə verildi.
Etiraf edək ki, artıq digər məhəllələrə də nümunə olan bu abadlıq-quruculuq, eləcə də xeyriyyə işləri yerli sakinlərin və qəsəbədən kənarda yaşayan ərkivanlıların maddi dəstəyilə həyata keçirilir. 
Yekunda qeyd etmək lazımdır ki, xeyirxah və məqsədyönlü bu cür nəcib işlər, yalnız müsbət fiziki nəticələr doğurmaqla kifayətlənmir, eyni zamanda əhaliyə müsbət əhval-ruhiyyə və ümidi artırır. Hər bir vətəndaşın bu cür layihələrə dəstək verməsi, gələcəkdə daha işıqlı, səliqəli və yaşamaq üçün əlverişli bir mühitin formalaşmasına töhfə verəcəkdir. 
Bu yorulmaz, fədakar insanların fəaliyyəti, cəmiyyətin ümumi rifahı üçün böyük bir nümunədir.

 

Akif AĞAYEV

Best coffeeshop in Berlin