(AZpressAZ-in arxivindən: 2024-cü il)
YADA DÜŞƏR XATİRƏLƏR
Kərim Kərimli:
XƏYAL
Dünyanın hər yeri qəfəs kimidir,
Gəlsəydin, qəfəs də gözəlləşərdi.
Gülüşün aldığım nəfəs kimidir,
Gülsəydin, nəfəs də şirinləşərdi.
Qaş-qabaq, mısmırıq, surətin bulud...
Dərdim az idimi?! Biri də çıxır!
Sonuncu ölsə də, ölür bu umud,
Baxışın şaxtası yandırıb-yaxır.
Deyirlər hər dərdin bir dərmanı var,
Fəqət, dərd birində, dərman birində...
Mənimsə dərdimin dəyirmanı var,
Üyüdür... Mabədi hələ dərində...
Nədir sənin dərdin, kədərin nədir?
Hər sözün, hər kəlmən ahü zar kimi.
Zavallı könlümü danışdır, dindir,
Zülmətə qılınc çək Gün çıxar kimi.
Gəlsəydin, qəfəs də gözəlləşərdi,
Bəzərdik bu qədim qəfəsi birgə.
Həvəs də, nəfəs də gözəlləşərdi,
Alardıq biz azad nəfəsi birgə,
Yaşardıq dünyada həvəsi birgə!


