Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olunub- ÖZƏL
Türkiyə-Azərbaycan Universitetində (TAU) Bilik Günü qeyd olunub.
AZpress.AZ xəbər verir ki, əvvəlcə universitetin foyesində xalqlarımızın böyük liderləri, öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram ifadə olunub.
Daha sonra torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tələbələri və müəllimləri salamlayan TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev yeni tədris ilinin başlaması və Bilik Günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, ötən ildən fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universiteti təkcə təhsil müəssisəsi deyil, həm də iki ölkənin qardaşlığının növbəti rəmzidir. TAU “çətir universitet” funksiyasını yerinə yetirir. Bu model dünyada ilkdir. Belə ki, TAU-ya Azərbancandan Azərbaycan Texniki Universiteti, Türkiyədən isə Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti tərəfdaş kimi cəlb olunub.
Burada kompüter, sənaye və qida mühənisliyi ixtisasları üzrə tədris aparılır. Tədris ingilis dilində həyata keçirilir. Ötən il olduğu kimi, bu il də qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr TAU-nu seçib. Bu il ən yüksək bal toplayan tələbə Rəhim Qasımzadə olub. O, 674,3 balla TAU-ya qəbul olunub.
Vilayət Vəliyev tələbələrə onlara yaradılan imkanlardan yararlanmağı, dərslərini yaxşı oxumağı, müəllimlərin tövsiyələrini dinləməyi arzulayıb.
TAU-nun tədris işləri üzrə prorektoru Mehmet Şimşir də Bilik Günü münasibətilə təbriklərini çatdırıb. Mehmet Şimşir TAU-da tədrisin gedişi ilə bağlı tələbələrə ətraflı məlumat verib.
Sonra universitetə yüksək balla qəbul olunan tələbələrin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar
Foto-reportaj: Araz Məmmədov.
(Bildiririk ki,
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ informasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:
+99451 899 8887 -Araz Məmmədov)


