Şəhidlərin ruhuna ehtiram günü
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün - sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən artıq iki il ötür.
Bu gün eyni zamanda şəhidlərimizin müqəddəs ruhuna ehtiram günüdür. Xocalı soyqırımının günahsız qurbanları, Qarabağ uğrunda döyüşlərdə canından keçən igidlərimizin qanı bahasına torpaqlarımız azad olundu. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azadlığı onların mübarizliyinin, qəhrəmanlığının və fədakarlığının nəticəsidir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycan mədəniyyətinin, tarixi abidələrinin, milli-mənəvi dəyərlərinin daşıyıcısıdır. Bu gün həmin torpaqlarda mədəni irsin bərpası və qorunması üçün genişmiqyaslı işlər həyata keçirilir. Abidələr, dini məbədlər, qədim yaşayış yerləri bərpa olunur və Azərbaycan mədəniyyəti öz doğma yurduna qayıdır.
Cəlal MƏMMƏDLİ,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizəçisi


