Masallının təhsil ocaqlarında maarifləndirici görüşlər
Masallı rayonunun ümumtəhsil müəssisələrində maarifləndirici görüşlər təşkil olunub.
Tədbirlər “Dəfinə” məktəb-liseyində, Rövşən Nəbiyev adına Təzəkənd və Elşad Əhədov adına Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəblərində baş tutub.
Görüşlərdə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Azay Ağayev, Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektorunun müdiri Elman Rzayev və digər çıxış edənlər yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, onların təzyiqlərə, məişət zorakılığına məruzqalma, cinsi və əmək istismarına təhrik etmə, eləcə də narkomaniyanın fəsadları, bu bəlanın insan orqanizminə və cəmiyyətə vurduğu zərərlər, həmçinin genetik fonda təsiri barədə ətraflı məlumat veriblər.
Tədbirlər zamanı erkən nikahların doğurduğu fiziki, psixoloji və sosial problemlərdən bəhs olunub. Bildirilib ki, erkən ailə qurmaq cəmiyyətin sağlam inkişafına və möhkəm ailə institutunun formalaşmasına ciddi maneə yaradır.
Natiqlər bu cür maarifləndirici görüşlərin yeniyetmə və gənclərin düzgün istiqamətləndirilməsində, onları zərərli vərdişlərdən uzaq tutmaqda, həmçinin sağlam həyat tərzinin təşviqində mühüm rol oynadığını vurğulayıblar.
Tədbirlər zamanı iştirakçılara mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib, məktəblilərin sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.
Akif AĞAYEV


