Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Akif AĞAYEV: 
Ərkivanda “Şəhidlər bulağı” abidə-kompleksi yenidən qurulub – MASALLIDA

 

Yüzlərlə şəhidin pıçıltısısan,
Bu ruhlar göylərdə alışan çıraq.
Nə qədər biz varıq, yaşayacaqsan,
Sənə layla çalır üçrəngli bayraq;
Dünya da eşidər bir xoş sorağı,
Şəhid bulağı!
                           (Gülağa Tənha)

 

Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi ön planda durur. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanist fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun təşəbbüsü ilə müxtəlif sahələr üzrə həyata keçirilən sosial layihələr, o cümlədən şəhidlərin xatirəsinə ucaldılan abidələr, bərpa olunan tarixi və mədəniyyət abidələri milli-mənəvi dəyərlərimizə verilən önəmin göstəricisidir.
Eyni zamanda, bu ali vəzifəyə könüllü şəkildə qoşulan vətəndaş cəmiyyəti nümayəndələrinin, iş adamlarının və xeyriyyəçi şəxslərin də rolu danılmazdır. Onlar dövlətin bu sahədə apardığı siyasətə dəstək göstərərək öz imkanları daxilində şəhid ailələrinə yardım edir, onların xatirəsinin yaşadılması üçün müxtəlif təşəbbüslərlə çıxış edirlər.
Məhz belə vətənpərvər şəxslərdən biri, uzun illərdir xeyriyyəçilik və ictimai fəaliyyəti ilə tanınan iş adamı, şair-publisist Gülağa Tənhadır (Gülağa Məmi oğlu Qənbərov). 
Milli təəssübkeşlik hissinə sahib Gülağa Tənha ölkə daxilində və xaricdə çoxsaylı xeyriyyə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olub. Qədirbilən eloğlumuz Allahın xeyir-duasıyla körpələrə, ahıllara, kimsəsizlərə, köməyi ehtiyacı olan insanlara həyan olmağa çalışıb. Nəcib keyfiyyətlərə malik ziyalı kimi elm, təhsil, idman, mədəniyyət sahəsində maliyyə dəstəyi, yaradıcı insanlara, sənət adamlarına qayğısı da danılmazdır.
Yurduna təmənnasız, əvəzsiz töhfələr bəxş edən bu vətənpərvər insanın geniş deyil, bəzi xeyriyyə işlərini oxucularımızın diqqətinə çatdırmağı mənəvi borc bilirik: 
2003-cü ildə Masallı rayonunun Ərkivan qəsəbəsində öz müəllifliyilə gözəl arxitekturaya malik “Şəhidlər bulağı” abidə-kompleksi inşa etdirib. 
2004-cü ildə, Şüvəlan qəsəbəsində yerləşən istifadəyə yararsız 5 saylı internat məktəbinin yerində yeni, müasir tipli 3 mərtəbəli bina tikdirərək fidan balalarımızı sevindirib. 
2005-ci ildə Heydər Əliyev Fondunun layihələri əsasında Masallı rayonunda Təzəkənd kənd orta məktəbinin və Şamaxı şəhərində İkinci Cabanı kənd orta məktəbinin yeni binasının tikintisini qısa bir müddətdə başa çatdırıb. Təzəkənd orta məktəbinin açılış mərasimində iştirak edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 750 nəfərlik 2 mərtəbəli məktəbin tikintisini 44 günə başa çatdırmış Gülağa Tənhanı Azərbaycan xalqına can yandıran vətəndaş kimi dəyərləndirib.
Gülağa Tənhanın maddi dəstəyi ilə 2006-cı ildə Şamaxı şəhərində görkəmli satirik şairimiz Mirzə Ələkbər Sabirin məzarı üstündə möhtəşəm abidə ucaldılıb. 
2013-cü ildə Masallı rayonunun Ərkivan qəsəbəsində möhtəşəm "Mərasim evi"ni tikdirib. 
1990-cı ildən şeirləri ölkəmizdə və xarici ~mətbuatda~ nəşr edilən, 10 cilddə külliyatın müəllifi, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, vətənpərvər, nəğməkar şair Gülağa Tənha mədəniyyətimizin daha da inkişafı naminə verdiyi dəstəyə görə “Əbədi irsə qayğı” mükafatına layiq görülüb. Bu onun Azərbaycan mədəniyyətinə sevgi və qayğısının bəhrəsidir.  
Əlavə edək ki, bu nəcib insan Xalq şairi Bəxtiyar Vahabzadənin, yazıçı Əlibala Hacızadənin 10 cilidliyinin, Fikrət Qoca və Bəkir Nəbiyev yaradıcılığı külliyyatının işıq üzü görməsinə dəstək verib. 2010-cu ildən onun dəstəyilə mütəmadi olaraq mahnı və şeir müsabiqələri, gənc yazıçı və şairlərin yaradıcılıq gecələri keçirilir. 
Dünən olduğu kimi, bu gün də bir neçə mədəniyyət və incəsənət xadimi onlara göstərdiyi qayğıya görə Gülağa Tənhaya minnətdarlıqlarını bildirirlər.
G.Tənha vaxtaşıqı olaraq sosial layihələr çərçivəsində yardım aksiyaları keçirir, xeyirxaxah missiyalarını davam etdirir. Kimsəsiz uşaqlara, idmançılara, imkansızlara, xəstəxanalara davamlı olaraq yardımlarını əsirgəmir. İstər pandemiya, müharibə dövründə, istərsə də əlamətdar gün və bayramlar ərəfəsində Bakıda, Sumqayıtda, Lənkəran və Masallıda təşkil olunan xeyriyyə tədbirləri və digər buyönümlü layihələr sadalanan fikirlərin bariz nümunəsidir...
22 il əvvəl xeyriyyəçi Gülağa Tənha tərəfindən Masallı rayonunun Ərkivan qəsəbəsində ucaldılan “Şəhidlər bulağı” zamanın amansız axarı içində öz əvvəlki görkəmini itirmiş, baxımsızlıq səbəbindən köhnəlmişdi. Lakin xalqın yaddaşında və qəlbində əbədi yaşayan şəhidlərin xatirəsinə ehtiramın təzahürü olaraq bu mənəvi dəyər yenidən dirçəldildi.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun təşəbbüsü və bulağın ilk qurucusu olan Gülağa Tənhanın maddi dəstəyi ilə rayonun ilk şəhidlər bulağı müasir tələblərə uyğun şəkildə əsaslı surətdə yenidən inşa olundu. Yeni simasını qazanan abidə-kompleks bu gün həm şəhidlərin ruhuna ehtiramın, həm də vətəndaş həmrəyliyinin parlaq nümunəsinə çevrilib.
Artıq bu bulaq təkcə bir su mənbəyi deyil, həm də ziyarətçilərin ürək dolusu dualar etdiyi, şəhidlərimizin əziz xatirəsini yad etdiyi müqəddəs bir məkandır.

Kompleksin əsaslı təmiri çərçivəsində onun ümumi görünüşü dəyişdirilib, ətraf ərazi abadlaşdırılıb və müasir infrastrukturla təmin olunub. Bulaq ətrafında yeni işıqlandırma sistemi quraşdırılıb, ərazidə subartezian quyusu qazılaraq bulağın su təminatı daha dayanıqlı hala gətirilib. Kompleksin giriş hissəsində Ərkivan qəsəbəsinin şəhidlərinin adlarının həkk olunduğu xatirə lövhələri quraşdırılıb ki, bu da ziyarətçilərin qəhrəman şəhidlərimizi daha yaxından tanımasına şərait yaradır.
Abidə kompleksi təkcə tarixi xatirə məkanı deyil, həm də gələcək nəsillərə vətənpərvərlik ruhu aşılayan, milli-mənəvi dəyərlərin təbliğində əhəmiyyətli rol oynayan bir mədəni-tarixi məkan kimi qəbul olunur...
Sentyabrın 27-də, Anım Günündə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, xeyriyyəçi Gülağa Tənha, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qonaqlar və qəsəbə sakinləri yenidən qurulan “Şəhidlər bulağı” abidə-kompleksinin açılışına toplaşıblar.
Əvvəlcə abidə önünə gül dəstələri və əklillər qoyulub, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycanın torpaq bütövlüyü uğrunda canlarını fəda etmiş igidlərin fədakarlığını xüsusi vurğulayıb. Rayon rəbəri əlavə edib ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə məhz bu şəhidlərin, o cümlədən qazilərin qəhrəmanlığı nəticəsində mümkün olub.  Hər bir vətəndaş şəhidlərin ruhuna ehtiram göstərməli, onların qoyduğu müqəddəs izləri qoruyub yaşatmalıdır.
Din xadimi Mirkərim Əliyev şəhidliyin İslam dinindəki ali məqamından bəhs edərək onların ruhuna dualar edib.
Xeyriyyəçi-şair Gülağa Tənha isə çıxışında qeyd edib ki, bu cür layihələr xalqımızın milli-mənəvi həmrəyliyini, şəhidlərə olan sonsuz ehtiramını nümayiş etdirməklə yanaşı, gənc nəsildə vətən sevgisini və vətəndaş məsuliyyətini aşılayır. “Şəhidlər bulağı” abidə-kompleksi də bu mənada Azərbaycan xalqının Vətənə olan bağlılığının və qəhrəman övladlarına dərin ehtiramının parlaq bir nümunəsidir. O, bildirib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə verilən mühüm mesajdır. Belə təşəbbüslər vətənpərvərlik ideallarının cəmiyyətə aşılanmasında mühüm rol oynayır. İş adamı diqqətə çatdırıb ki, bu nəcib təşəbbüs bir daha sübut edir ki, xalqımız şəhidlərini heç zaman unutmur və onların xatirəsini daim uca tutur. 
Şəhid atası Habil Rəhimov, Vətən müharibəsi iştirakçısı Həmid Mənsimov şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısından razılıqla bəhs edib, bu kompleksin inşasında əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
Çıxışlar zamanı bir daha diqqətə çatdırılıb ki, şəhidlərin xatirəsinin uca tutulması, onların adlarının əbədiləşdirilməsi təkcə dövlətin deyil, bütün vətəndaşların mənəvi borcudur. Belə təşəbbüslər milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən “Şəhidlər bulağı” abidə-kompleksinin yenidən qurulması yalnız memarlıq və abadlıq hadisəsi deyil, həm də milli həmrəyliyin, şəhidlərə olan sədaqətin və vətənpərvərlik ruhunun təcəssümüdür.
Tədbirin sonunda Ərkivan qəsəbəsində yerləşən “Şah Səfi” mərasim evində Anım Günü münasibətilə xeyriyyəçi Gülağa Tənha tərəfindən Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin adından 400 nəfərlik ehsan süfrəsi təşkil olunub. Bu xeyirxah təşəbbüs şəhidlərin əziz xatirəsinə dərin ehtiramın və dövlət-xalq birliyinin bariz nümunəsi kimi dəyərləndirilib.
Ehsanda şəhidlərin ruhuna Quran ayələri oxunub, dualar edilib, onların ailələrinə bir daha başsağlığı verilib və xalqımızın bu qəhrəman övladlarının daim xatırlanacağı ifadə olunub.

Akif AĞAYEV

Qeyd: Abidənin açılışı barədə əlavə məlumat əldə etmək üçün daxil ol:
https://azpress.az/home/show-news/8046/az

***

 

Best coffeeshop in Berlin