Ağcabədidə Zəfərimizin 5 illiyi təntənə ilə qeyd olundu +FOTO=84
8 Noyabr – Zəfər Günü münasibətilə Ağcabədi rayonunda bayram tədbiri keçirilib. Tədbir 07 noyabr 2025-ci iltarixində RİH-in qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyma mərasimiilə başlayıb. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquqmühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
AZpress.AZ xəbər verir ki, sonra iştirakçılar Qəhrəmanlar Parkına yollanaraq “Əbədiməşəl” abidəsini ziyarət ediblər. Burada şəhidlərimizin ruhuna dualar oxunub.
Bayram tədbirinin əsas hissəsi Ağcabədi şəhəri Heydər Əliyev Parkında baş tutub. Burada Ulu Öndərin büstü qarşısına gül qoyulub, idmançıları nümunəvi çıxışları izlənilib. Həmçinin Zəfər gününə həsr olunmuş foto, rəsm və kitab sərgisinə baxış keçirilib.
Bundan sonra tədbirin növbəti hissəsinə başlanılıb. Azərbaycan Respublikasının Dövət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmin edilməsi, Zəfərin qazanılması uğrunda canını fəda edən vətən oğullarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə məruzə ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov artıq 5 ilini qeyd etdiyimiz qələbəmizdən söz açaraq bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər oldu. Rəhbər, xalq, ordu birliyi , iqtisadi gücümüz, müasir ordu quruculuğumuz ölkəmizin qələbəsini təmin edən mühüm amillərə çevrildi. Və əlbəttə ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbə əbədiləşdirildi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verildi.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Konsert proqramında rayonumuzun sevilən musiqiçiləi ilə yanaşı, respublikamızın tanınmış sənətçiləri - Aşıq Zülfiyyə, Ramiq Bayramov, Gülzar Fərəcova, Xəyalə Qafarzadə və digərləri bir-birindən gözəl musiqi nömrələri ilə çıxış ediblər.


