Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə “Qarabağ, sən dirçəlirsən!” adlı flaşmob keçirilib +FOTO=24

Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "2025-ci il - Konstitusiya və Suverenlik İli" çərçivəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Qarabağ, sən dirçəlirsən!” adlı flaşmob keçirilib. Tədbir Ağcabədi şəhərindəki Heydər Əliyev Meydanında baş tutub.

AZpress.AZ xəbər verir ki, flaşmobun əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətini, xalqımızın birliyini və Qarabağın bərpa dövründəki dirçəlişini rəmzi formada ifadə etmək olub.

Meydanda öncədən düzülmüş 25 ədəd etüdnikdə işğaldan azad edilmiş rayonların bərpa olunmuş görüntüləri nümayiş etdirilib. Səhnənin bir küncündə əyləşən gənc musiqiçi tar alətində “Qarabağ şikəstəsi”ni canlı şəkildə ifa edib. Tarın sədaları altında səssiz şəkildə nümayiş etdirilən fotolar Qarabağın keçdiyi keşməkeşli, lakin qürurverici yolu simvolizə edib.

İfa bitdikdən sonra meydanda toplaşmış Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialı və Ağcabədi Pedaqoji Kollecinin 600 nəfər tələbəsi alqışlarla ifaçını salamlayıb. Dron çəkilişləri zamanı yuxarıdan baxıldıqda gənclərin canlı şəkildə “8 NOYABR” sözünü formalaşdırdığı görünüb. Bu an Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və bütün iştirakçılar himni birgə ifa ediblər.

Tədbirin növbəti mərhələsində gənclər etüdniklərdəki fotoları çevirərək onların arxa tərəfində yazılmış “QARABAĞ, SƏN DİRÇƏLİRSƏN!” şüarını üzə çıxarıblar. Eyni anda meydanın ortasında 24 metr uzunluğunda Azərbaycan bayrağı açılıb. Bayraq dalğalanarkən fon musiqisi kimi Xalq artisti Polad Bülbüloğlunun “Qarabağım” mahnısı səslənib.

Flaşmobun kulminasiya hissəsində gənclər bir səslə “Qarabağ, sən azadsan!”, “Qarabağ Azərbaycandır!” və “Qarabağ, sən dirçəlirsən!” şüarlarını səsləndiriblər.

Flaşmobun sonunda iştirakçılar meydanı tərk edərkən səhnədə “Qarabağ, sən dirçəlirsən!” yazısı və dalğalanan Azərbaycan bayrağı qalıb. Bu mənzərə Qarabağın azadlıqdan dirçəlişə uzanan rəmzi yolunu ifadə edib.

Fotolar: Mais İbrahimov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: 

+994503585041

Best coffeeshop in Berlin