Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rənglərin sirrini duyan rəssam
Tahir Şıxəliyevin yaradıcılıq yolu


    Müasir Azərbaycan təsviri sənətində hər bir fırça ustasının öz dəst-xətti, öz rəng yaddaşı, öz baxışı var. Elə sənətkarlar var ki, onların əsərlərinə baxarkən sanki zaman dayanır, rənglər danışır, sükut dərin bir fəlsəfəyə çevrilir. Belə rəssamlarımızdan biri də tanınmış fırça ustası Şıxəliyev Tahir Kərim oğludur. Onun yaradıcılığı rənglərin təkcə estetik yox, həm də mənəvi, simvolik mahiyyət daşıdığı bir bədii aləmdir. 
    1959-cu ildə Bakıda, İçərişəhərdə dünyaya göz açan Tahir Şıxəliyev elə uşaqlıqdan tarixlə nəfəs alan bir mühitdə böyümüşdür. Qız qalasının sakit heybəti, Şirvanşahlar sarayının zərif memarlığı, dolanbac daş küçələrin sükutu onun yaddaşında rənglərdən toxunmuş poetik bir dünya yaratmışdır. Elə bu qədimlik və müdriklik dolu mühit onun gələcək yaradıcılığının təməlini formalaşdırmışdır. Rəssamın əsərlərində hiss edilən o xüsusi şəhər duyumu  məhz uşaqlıq illərindən qalan yaddaşın bədii davamıdır desək, yanılmarıq. 
Kiçik yaşlarından rəssamlığa marağı oyanan Tahir Şıxəliyevə ailəsi bu yolda böyük dəstək olub. Beləliklə o, ilk öncə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, daha sonra Tbilisi Dövlət İncəsənət Akademiyasında təhsil alaraq incəsənətin sirlərinə dərindən bələd olmuşdur. Məhz Tbilisi dövrü Tahir Şıxəliyevin rəng duyumuna yeni nəfəs gətirmiş, onun yaradıcılığında qrafik təfəkkürün dərinləşməsinə şərait yaratmışdır. Bakı və Tbilisi- bu iki qədim şəhər onun yaradıcılığında bir-birinə qovuşaraq sintez təşkil edir. 
    Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Tahir Şıxəliyevin yaradıcılığı təkcə rənglərin gözəlliyinə əsaslanmır. Onun əsərləri öz fərqli ideyaları, təsvir etdiyi hər bir detalın, simvolun dərinliyi ilə fərqlənir. “İnikas”, “Tale telləri”, “Haray”, “Nəsillər”, “İblisin təvəllüdü” kimi əsərlərində hər bir fiqur, hər detal bir mənanın daşıyıcısına çevrilmişdir. Daha çox mürəkkəb çoxfiqurlu kompozisiyalar yaradan rəssamın əsərləri özünəməxsusluğu ilə seçilir.
    Tanınmış rəssamın qrafik əsərlərində isə teatrallıq açıq şəkildə hiss olunur. Rəssam tamaşaçı qarşısında sanki görünməz bir pərdəni qaldırır və arxasındakı səhnədən rəngarəng həyatın özünü göstərir. Maskalı obrazlar, marionet fiqurlar, çəkisiz məkanda dayanan insan siluetləri reallığın metaforalarıdır. Şıxəliyevin yaratdığı bu teatrallıq bir oyun deyil, həyatın simvolik təcəssümüdür desək, daha doğru olar. 
    Rəssamın uzun illər davam edən peşə fəaliyyəti də onun bədii düşüncəsinə paralel bir xət təşkil edir. O, sənətdə fərqli olmaq, öz dünyanı yaratmaq prinsipinə hər zaman sadiq qalır. Əsərlərində insanın daxili dünyası ilə kainat arasında körpü qurur. Rəssamın üslubu isə aydın, lakin sirli, real, amma eyni zamanda xəyali dünyaya açılan pəncərədir. Palitrası isə rəngarəngdir. Onun tablolarında, qrafik lövhələrində bütün əlvan rəngləri görmək olar.
Dəyərli rəssamın yaradıcılığı yalnız Azərbaycanla məhdudlaşmamışdır. Tahir Şıxəliyevin əsərləri Rusiya, Gürcüstan, Türkiyə, Almaniya, ABŞ, Serbiya, Rumıniya və s. kimi ölkələrin bir çox muzey və şəxsi kolleksiyalarında qorunaraq saxlanılmaqdadır. Onun fərdi sərgiləri də yaradıcılıq yolunun mühüm mərhələlərini əks etdirir. Bu günədək saysız-hesabsız sərgiləri keçirilən rəssamın son iştirak etdiyi sərgilər sırasında Zaman Art Qalereyasında keçirilən “Zaman naxışları” adlı fərdi sərgisini, Türkiyə Azərbaycan dostluğuna həsr olunmuş “Saküder” rəssamların qrup sərgisini vuröulamaq olar. Qeyd etmək lazımdır ki, bu sərgidə o, “Sakder-2025” İncəsənət mükafatında da layiq görülmüşdür. Son olaraq isə rəssam yaxın günlərdə İtaliyada Palazzo Mandrilli qalereyasında “Sarı rəngin əfsanələri” fərdi sərgisini kçeirməyə hazırlaşır.
    Bu gün Tahir Şıxəliyevin emalatxanasında günəşin sarı işığı kətanlara düşür və hər rəng ləkəsi bir düşüncəyə çevrilir. Onun sənətində işıq heç vaxt sönmür  çünki o, rənglərlə deyil, işığın ruhu ilə yaradan sənətkardır. 

Ziyarət Cabarova Qəhrəmanova
Sənətşünas, 
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi,
ARİ-nin gənc sənətşünaslar bölməsi üzrə prezident təqaüdçüsü
 

Best coffeeshop in Berlin