Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Cavanlığımız

Hələ dil açmamış dillərə düşdü,

Taleyi uğursuz illərə düşdü,

Vaxtsız qapı döyən yellərə düşdü,

Alovlu, atəşli cavanlığımız,

Davalı, dalaşlı cavanlığımız.

 

Bir qədər dincəldi böyük şəhərdə,

Qeyb oldu bal kimi xatirələrdə,

Şirin yuxu kimi görünür hərdəm,

O xumar baxışlı cavanlığımız,

Bahar tək naxışlı cavanlığımız.

 

Bədgüman taleyi gümana düşdü,

Göz gözü görməyən dumana düşdü,

Ömrün bahar çağı borana düşdü,

Çəkməli, qaloşlu cavanlığımız,

Şaxtalı, yağışlı cavanlığımız.

 

Sındıra bilmədik daş qəfəsləri,

Vaxtsız haray saldı güllə səsləri,

Barıt iyi vurdu gül nəfəsləri,

Yarısı savaşlı cavanlığımız,

Qorxulu, təlaşlı cavanlığımız.

 

Dumanlı dağların başında qaldı,

Şəhid məzarının daşında qaldı,

Şuşanın gözünün yaşında qaldı,

Bizim başı daşlı cavanlığımız,

Bizim gözü yaşlı cavanlığımız.

Məmməd Əvəzoğlu

Best coffeeshop in Berlin