Qadın şahmat millimiz dünya çempionatına qatılacaq
17-21 noyabr günlərində İspaniyanın Linares şəhərində qadın şahmatçılar arasında komanda dünya çempionatı keçiriləcək. Beş gün davam edəcək bu yarışda heyəti Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ayan Allahverdiyevadan ibarət olan Azərbaycan millisi də iştirak edəcək.
AŞF-dən verilən məlumata görə, 12 komandanın mübarizə apardığı mundialda Azərbaycan "A" qrupunda ev sahibi İspaniya, ABŞ, FİDE və Peru ilə qarşılaşacaq. Mundialın "B" qrupunda isə Çin, Gürcüstan, Ukrayna, Fransa, Özbəkistan və Hindistan millisi mübarizə aparacaq.
Xatırladaq ki, Azərbaycan millisi mundiala qatılmaq üçün Bakıda Özbəkistan komandası ilə 4 oyundan ibarət seçmə xarakterli matç keçirmişdi. Həmin matçda asiyalilar daha güclü olduğu üçün Azərbaycan mundialdan kənarda qalmışdı. Lakin son anda mundial iştirakçılardan Əlcəzair komandası yarışdan imtina etdiyi üçün FİDE yüksək reytinq vəziyyətini nəzərə alaraq, Azərbaycana mundialda iştirak hüququ verib.
İNTİQAM Məmmədov


