Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN

“Aşiq dərviş” Özbəkistan müasir miniatürçü rəssamlarının sərgisi keçirilib

1 may 2024-cü il tarixində, saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Özbəkistan Respublikasının müasir miniatürçü rəssamlarının əsərlərindən ibarət “Aşiq dərviş” adlı sərgi keçiriləcək. Özbəkistan Milli Bankının Təsviri Sənət Qalereyasının təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan sərgidə müxtəlif rəssamların yaradıcılığına aid miniatür üslubunda işlənilmiş 80-ə yaxın təsviri və dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdiriləcək. Sərginin kuratoru Özbəkistan Təsviri Sənət Qalereyasının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kamola Akilovadır.
Orta əsrlərdə intibah dönəmini yaşamış miniatür üslubu müasir dövrdə də özbək milli ənənələrini davam etdirən rəssamların müraciət etdiyi əsas mənbədir. Son otuz ildə bu sənət Özbəkistanda öz tərəqqi dövrünü keçirməkdədir. Firdovsinin “Şahnamə”, Nizaminin “Xəmsə”, Ə.Nəvainin “Fərhad və Şirin”, Ə.Caminin “Yusif və Züleyxa” poeması və digər ədəbi mənbələr, eləcə də sevgi mövzusu, dərviş obrazları, musiqiçilər, Şərq gözəlləri, səyyah motivləri, tarixi mövzularla işlənmiş süjetlər çağdaş miniatür əsərlərində yeni nəfəs qazanıb.
Sərginin məqsədi Azərbaycan tamaşaçısını qədim miniatür ənənələrini dirçəltməklə bərabər, ona özünəməxsus şəkildə yanaşan özbək rəssamlarının əsərləri ilə yaxından tanış etmək və iki qardaş ölkə arasındakı mədəni əməkdaşlığa yeni töhfə verməkdir.
Sərgi çərçivəsində iştirakçı rəssamlar tərəfindən miniatür sənətinin sirlərini öyrədən “Şərqli dərvişin portreti” adlı ustad dərsi və professor Kamola Akilovanın təqdimatında “Özbəkistanın müasir miniatür rəssamlığı: mədəni yaddaş, yoxsa innovasiya?” mövzusunda mühazirə keçiriləcək.
Sərgi 8 may 2024-cü il tarixinədək davam edəcək.

Mahir Əhmədov

Best coffeeshop in Berlin