Yeni Azərbaycan Partiyasının yaranışı və tarixi missiyası
Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın ictimai-siyasi həyatında xüsusi yer tutan və ölkənin taleyüklü məsələlərinin həllində mühüm rol oynayan siyasi təşkilatdır. Partiyanın əsası 21 noyabr 1992-ci ildə qoyulmuşdur. O dövrdə ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyət, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, daxili çəkişmələr və hakimiyyətsizlik xalqı ciddi problemlərlə üz-üzə qoymuşdu. Belə bir şəraitdə Azərbaycanın ziyalıları və xalqının taleyinə biganə qalmayan tanınmış ictimai şəxslər ölkəni bu xaosdan çıxarmaq üçün birlik nümayiş etdirməyə qərar verdilər. Bu prosesin təməlində “91-lər” kimi tanınan bir qrup vətənpərvər ziyalının 1992-ci ilin oktyabrında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə ünvanladıqları müraciət dayanırdı. Onlar dahi şəxsiyyətin Azərbaycanı bu çətin vəziyyətdən xilas etmək üçün yenidən fəal siyasətə qayıtmağını xahiş etdilər.
Ulu Öndər Heydər Əliyevin bu çağırışa müsbət cavab verməsi ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçildi. Konfransda qəbul olunan proqram və məramnamə sənədləri, partiyanın xalqın mənafeyini müdafiə edəcəyini, ölkəni siyasi sabitliyə və davamlı inkişafa çıxarmağı hədəflədiyini ortaya qoydu.
Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə partiya yalnız siyasi fəaliyyətlə kifayətlənməmiş, həm də milli ideologiyanın formalaşmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə mühüm töhfələr vermişdir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə Azərbaycan müstəqilliyini qorumaq və dünya birliyində öz mövqeyini gücləndirmək üçün yeni bir mərhələyə qədəm qoymuşdu.
Tural Bəşirov,
Masallı rayonu, Tüklə kənd sakini


