Güləşçilərimiz İslamiadada daha 3 medal qazanıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-ci İslamiadada (İslam Həmrəyliyi Oyunları) güləş yarışları davam edir. Noyabrın 20-da üçü qadın, ikisi sərbəst güləşçi olmaqla, daha 5 güləşçimiz döşək üzərinə çıxaraq, medallar uğrunda mübarizəyə qatılıb. Beşliyimizdən üçü inamla güləşərək mükafatçılar sırasında yer alıb (0-2-1). Qazanılan medallardan ikisi gümüş, birisə bürünc əyarlı olub. Gümüş medallarin sahibi yalnız həlledici finalda büdrəyən İslam Bazarqanov (57 kq) və Ruzanna Məmmədova (62 kq) olub. Bürünc medal isə çıxışını üçüncü yerdə başa vuran Nigar Mirzəzadənin (68 kq) aktivinə yazılıb.
Bununla da Azərbaycanın güləş yığmasının aktivindəki medalların sayı 7-yə (1-4-2) çatıb.
İNTİQAM Məmmədov


