Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Axtarır ürəyim səni

Necə də gözəldi o çağlarımız,

Gəzib-dolaşardıq küçələri biz.

Əsla yorulmazdı dodaqlarımız,

Yuxuya verərdik gecələri biz.

 

Sakit oturardı oturacaqlar,

Heç doya bilməzdik bir-birimizdən.

Layla deməsəydi salxım saçaqlar,

Kimsənin xəbəri olmazdı bizdən.

 

Dəniz göndərərdi mehindən bizə,

Yarpaqlar astaca nağıl deyərdi.

Güllər pay verərdi şehindən bizə,

Hər tərəf məhəbbət donu geyərdi.

 

Bizim gözümüzdə hər şey gözəldi,

Daşlar da rəngbərəng gülə dönərdi.

Bir də ayılardıq, günəş közərdi,

Şəfəqlər üfüqdə tülə dönərdi.

 

Elə bil, gördükcə gedən kəsləri,

Qaçıb gizlənərdi şirin yuxular.

Qulağa dəydikcə ayaq səsləri,

Artardı rəngbərəng gözəl qoxular.

 

Nələri itirdik o yerlərdə biz...

Onların dalınca hər gün gəlirəm.

Bir sevgi bitirdik o yerlərdə biz,

Səadət o imiş, indi bilirəm.

 

Nə qədər sevirdim, özüm bilmirəm,

Bu qədər bilməzdim gərəyim səni.

Oturub gözləyim, dözüm, bilmirəm,

Qayıt, gəl, axtarır ürəyim səni.

Məmməd Əvəzoğlu.22.11.2025.

Best coffeeshop in Berlin