Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Üzü qara gedirlər

Yalquzaqlar sürüsü iş başında,
Şikayəti kimdən kimə edək biz?
Oturmuşuq əzrailin daşında,
Duraq, hansı cəhənnəmə gedək biz?

Doyum bilmir heç birinin tamahı,
Əllərinə hər nə keçdi, yeyirlər.
Nədir yetim-yesirlərin günahı?
İstəməyən çıxıb getsin,deyirlər!

Bir sürüsü nə baş olub, nə papaq,
Bir sürüsü köpəklərin yalıdır.
Kasıbların can qoyduğu bu torpaq
Məmurların dədəsinin malıdır?!

Ağaların nökərinə baş əyən
Dərk eləmir dünən olub-bitəni.
Bu torpaqda gor eşərək yaşayan
Kasıb niyə tərk eləsin Vətəni?

Fürsət olsa haram yeyən gədələr
Çörəyə də muş dərmanı qatarlar.
Qarğışkeçməz libas geyən gədələr
Allah verən havanı da satarlar!

Deputat da maaşa burun salladır,
Hansı pulla yığıb saysız mülkünü?
Pendir üçün sanki qarğa aldadır,
Bu xalq yaxşı tanıyır bu tülkünü.

Yalan,rüşvət, korrupsiya, xəyanət...
Bu gedişlə belə hara gedirlər?
Qoyduqları lənət adlı əmanət,
Gedəndə də üzü qara gedirlər.

Məmməd Əvəzoğlu.28.11.2025

Best coffeeshop in Berlin