Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Nəsillərin görüşü və ya düşüncələr körpüsündə” - Masallıda kitab təqdimatı 

 

Masallıda yazıçı-publisist Ələşrəf Niftiyevin “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə” kitabının təqdimatı olub.
Müəllifin sayca 24-cü kitabının təqdimat mərasiminə yaradıcı insanlar, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və oxucular toplaşıblar. 
Rayon mərkəziləşdirilmiş kitabxanasında keçirilən tədbir öncəsi Ulu öndər Heydər Əliyevina və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxana Sisteminin direktoru Zamin Məmmədov tanınmış qələm sahibi, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin yeni kitabını yüksək qiymətləndirib, onun həm ədəbi, həm də milli dəyərlər baxımından yüksək rolunu, əsərlərinin oxucular tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb. 
Kitabın redaktoru, Azərbaycan Jurnalistləri Birliyi Masallı rayon təşkilatının sədri, yazıçı-publisist Akif Ağayev müəllifin həm publisistik üslubun aydınlığını, həm də bədii dilin dərinliyini birləşdirərək, oxucunun düşüncə və hisslərinə toxunma bacarğını önə çəkib: “80 yaşlı yazar dünyanın bu keşməkeşli çağında müharibələrin ayırdığı yolları, dağılan ailələri, körpüsüz qalan taleləri, o cümlədən günahsız uşaqların, köməksiz insanların yaşadıqları acıları xatırladır.” 
Əməkdar jurnalist, tərcüməçi-yazar Zakir Abbas, “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev, Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatı rayon şöbəsinin sədri Ramiz Tağıyev, yazıçı-publisist, jurnalist-araşdırmaçı Xodaşirin Cəbiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Meysaba Aslanova, Vətən müharibəsi iştirakçısı Cavid Nuri, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva və kitabxananın əməkdaşı Günay Xəlilova kitabın yalnız publisistik düşüncənin məhsulu deyil, həm də ictimai bir çağırış olduğunu diqqətə çatdırıblar: “Müəllif kitabda oxucunu susmağa deyil, açıq danışmağa çağırır. Bu kitab ailə üzvləri arasında, xüsusən də gənclərlə yaşlılar arasında səmimi təmasların, körpülərin qurulması üçün mühüm bir bələdçidir...”
Çıxışlarda bildirilib ki, zəngin təcrübənin, insanlara sevgi və qayğının bəhrəsi olan “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə” kitabı əslində tək müəllifin yox, bir xalqın yaddaşının, bir toplumun düşüncə dünyasının aynasıdır.
Sonda müəllif tədbir iştirakçılarına və təşkilatçılara minnətdarlıq bildirib, oxuculara imzalı kitablarını hədiyyə edib. 

 

Akif VAQİFOĞLU.
 

Best coffeeshop in Berlin