Şəhid bacılarından möhtəşəm addım +FOTO=9
Dekabrın 6-sı tarixində Sumqayıtın Tarixi Muzeyində şəhid Şəmsi Həmidovun bacısı "Ata yurda böyük qayıdışa dəstək İctimai Birliyi" nin rəhbəri, ilk Qarabağ savaşlarının iştirakçısı Səkinə xanımın şəhid sinif yoldaşlarının xatirəsinə həsr etdiyi "Dağtumasa çəkilən dağlar" adlı tarixi filminin təqdimatı keçirilib.
Tədbirdə Cəbrayıl rayonu üzrə millət vəkili Ceyhun Məmmədov, şəhid ailələri, şairlər, jurnalistlər, QHT nümayəndələri, və Cəbrayıl sakinləri iştirak ediblər. Tədbirin xüsusi qonaqlarından olan şairə Esmira Günəş öz çıxışında filmi çəkilən şəhidlərin xatirəsinə həsr etdiyi şeiri səsləndirib. Həmin şeiri sizlərə təqdim edirik:
Dağtumasa çəkilən dağlar
Cəbrayıl yurdunun çoxdu kəndləri,
Hər kəndi gözəldi, hamsı əzizdi.
Havası başqaydı, o yaylaqların,
Suyu buz kimiydi, safdı təmizdi.
Bəlkə də onunçün yağı düşmən də,
Göz dikib yurduma etdi tarimar.
O eldə nə qədər igidlər yatır,
Torpağın məndə də xatirəsi var.
Qoy sizə danışım Qazanzəminin
Dillərdə dastana dönən igidi.
Ramiz Lətifovdur öz yurdu üçün,
Zirvələr fəth edən şanlı şəhidi.
Bir də Yenikəndin Hikməti də var,
Məmmədov Hikmətdən deməsəm olmaz.
Deyirdim, Cəbrayıl azad olmamış,
Qəlbimdə iz salan yaram sağalmaz.
Namiq Şükürovun adını duyan,
O mənfur düşmən də düşüb qorxuya.
Mən yazdım kitaba bu üç igiddən,
Yazdım ki, cavanlar açıb oxuya.
Tanına xalqımın qəhrəmanları,
Hər üçü dillərdə dastana dönə.
Dağtumas kəndinə çəkilən dağlar,
Azadlıq nəğməsi ola silinə.
Bu zəfər əbədi yaşansın, Allah,
Bir daha yurdumda savaş olmasın.
Biz şəhid verməyək qara torpağa,
Ananın gözləri yolda qalmasın.
Esmira Günəş
03.12.2025
Eyni gündə Ağsudan olan şəhid Cəbrayıl Xəlilovun bacısı Ülviyyə xanımın da Sumqayıtda Kimyaçı Mədəniyyət Sarayında kitab təqdimatı baş tutub. Həmin tədbirdə də şəhid ailələri, ziyalılar, şairlər, müəllimlər və sərginin qonaqları iştirak ediblər. Qonaqların maraqlı çıxışları ilə rənglənən tədbirin sonunda Ülviyyə Namiqqızı yeni nəşrdən gələn "Şəhidlər əzizlərinin xatirəsində" kitabını şəhid ailələrinə hədiyyə edib. Şairə Esmira Günəş Ülviyyə xanımın da tədbirinə özünü çatdıraraq, çıxış edib və ürəkdən gələn səmimi cümlələri ilə şəhid bacısını təbrik edib. Onu da qeyd edək ki, Ülviyyə Namiqqızının kitabında şairə Esmira Günəşin bir neçə şeiri yer alıb.
Biz də saytımız adından hər iki şəhid bacısını təbrik edirik. Uğurlar arzulayırıq.
Şəhidlərimizin ruhu şad olsun.
Eşq olsun şəhidinin adını yaşadan belə mərd xanımlara.


