GÖRKƏMLİ ŞAİRİMİZ BƏXTİYAR VAHABZADƏNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA +FOTO=5
Sumqayıtda Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi tabeli Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli şair, ədəbiyyatşünas, dramaturq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, həqiqət və ədalət carçısı Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar "Sözün Bəxtiyarı" adlı dəyirmi masa keçirilmişdir.
Öncə vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Dövlət Himni səsləndirildi. Sonra Bəxtiyar Vahabzadə haqqında hazırlanmış video-çarx nümayiş olundu.
"Dəyirmi masa"nın fəxri qonağı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, tanınmış şair-publisist, ədəbiyyatşünas Rafiq Oday Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş və əhatəli çıxış etdi, ustad şairlə bağlı xatirələrini danışdı. Sonra məruzə ətrafında çıxışlar dinlənildi. Qubadlı rayon Mahmudlu kənd orta məktəbinin şagirdləri şairin dilimizlə bağlı və vətənpərvərlik ruhlu şeirlərini səsləndirdilər.
Rafiq Oday tədbir iştirakçılarına, şagirdlərə və kitabxanaya yeni işıq üzü görmüş "Ruhum göylər əmatəti" kitabını hədiyyə etdi. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsini icra edən Qərənfil xanım Hüseynova Rafiq Odaya dəvəti qəbul edib gəldiyinə, maraqlı və məzmunlu çıxışına görə minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.


