Daha 2 boksçumuz DÇ-nin 1/4 finalına yüksəlib
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişilər arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı davam edir. Dünən mundialda 1/8 final mərhələnin döyüşlərinə yekun vurulub və bununla da 1/4 finalçılar müəyyənləşib. ABF-dən verilən məlumata görə, dünən rinqə çıxan 3 bokscumuzdan ikisi bu mərhələni də uğurla başa çatdıraraq 1/4 finala yüksəlib. Söhbət 63,5 kq çəki döyüşən Maqsud Xasmetov və 71 kq-da rinqə çıxan Sərxan Əliyevdən gedir. Xasmetov 1/8-də tacikistanli Ruslan Qafurovu (5 :0), Əliyevsə Latviya təmsilçisi Arturs Vaisi (5:0) məğlubiyyətə uğradıb.
Növbəti mərhələdə Xasmetov Qirqizistan idmançısı Omar Livazayla, Əliyevsə qazaxıstanlı Ablayxan Jussupovla qarşılaşacaq.
Yeri gəlmişkən, bir gün öncə isə 6 boksçumuz adını mundialın 1/4 finalına yazdırıb. Beləliklə də, mundiala qatılan 11 boksçumuzdan 8-i 1/4-ə yüksəltməklə medalın bir addımlığına çatıb
İNTİQAM Məmmədov


