Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ələşrəf Niftiyevin oxucularla növbəti görüşü

 

Masallıda yazıçı-publisist, rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyevin ziyalılar və tələbələrlə görüşü olub. Görüşdə müəllifin yeni nəşrdən çıxmış “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə” kitabı müzakirə edilib.
Rayon Ağsaqqallar Şurasında keçirilən tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra kitabın redaktoru, Azərbaycan Jurnalistləri Birliyi Masallı rayon təşkilatının sədri, yazıçı-publisist Akif Ağayev bildirib ki, 80 illik ömrünün yarım əsrdən artığını xalqına, elmə, təhsilə və dövlət qulluğuna həsr etmiş Ələşrəf Niftiyev yeni kitabında bəşəriyyətin bu gün içindən keçdiyi çətin dövr haqqında danışır. Dünyanın müxtəlif bölgələrində müharibələrin, qarşıdurmaların, gərginliklərin artdığı bir zamanda müəllif insanları, dövlətləri, təşkilatları, bütövlükdə nəsilləri birliyə, anlaşmaya, dialoqa səsləyir. O, bizi sülhə doğru aparacaq ən sadə, amma ən güclü vasitəni, səmimi ünsiyyəti önə çəkir. Kitab boyu bu mövzular leytmotiv kimi davam edir və oxucunu düşünməyə vadar edir.
Akif Ağayev əlavə edib ki,  bu kitab gənclər üçün bir yol göstərici, yaşlı nəsil üçün isə öz təcrübəsini bölüşmək üçün bir pəncərədir. Kitabı oxuyan hər kəs öz ailəsindən, öz keçmişindən, öz dəyərlərindən bir parçanı burada tapacaq.
Qələm sahibinin yeni kitabını yüksək qiymətləndirən Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı Dövlət Regional Kollecinin müəllimləri Baba Həsənov, Nazim Əliyev, kollecin tələbəsi Nəzrin Hənifəyeva, iki şəhid atası Bayram Əsgərli, Vətən müharibəsi qazisi Cavid Nuri, Birinci Qarabağ müharibəsi veteranı Fərhad Bağırov, ağsaqqallar şurasının üzvləri Əfqan İbrahimov, Rəbbi Kərimov, Asudə Məmmədova çıxışlarında diqqətə çatdırıblar ki, Ələşrəf Niftiyevin yaradıcılığının hər səhifəsi həyatın içindən gələn səmimi bir çağırışdır. O bizi həm keçmişə bağlı, həm də gələcəyə işıqlı və sayıq baxmağa dəvət edir. “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə” kitabı da nəsillər arasında sarsılmaz bir bağın möhkəmlənməsinə xidmət edir.
Müəllif oxucuların suallarını cavablandırıb, tədbir iştirakçılarına minnətdarlığını bildirib, onlara yeni kitabını hədiyyə edib. 
Tədbir zamanı Ağsaqqallar şurasının fəal üzvlərinə “Təşəkkürnamə”lər təqdim olunub.
 
Akif VAQİFOĞLU.
 

Best coffeeshop in Berlin