FAZİL GÜNEY:
Vay o gündən ki, ...
Mən Ramiz Mehdiyevi tələbəlik illərindən tanıyırdım, yuxarı kursda oxuyurdu, universitet komsomol komitəsinin 2-ci katibi idi. 1-ci olmaq üçün dəridən-qabıqdan çıxırdı. “Partiya, Lenin, kommunist, böyük rus xalqı” sözləri dilinin əzbəriydi. İstəyinə nail oldu, partiya, komsomol yolu ilə irəlilədi. Böyük Hüseyn Cavidin təbiri ilə desək, alçala-alçala yüksəldi. Könüllü, məcburi iştirak etdiyimiz iclaslarda onun necə cilddən-cildə girməyini uzaqdan da olsa görürdük. Buna görə də yurdsevərlər həmişə ondan uzaq dururdular. Onun xarakterini açan iki olayı danışmaq istəyirəm...
Həmkarım, məsləkdaşım, millətimizin çox dəyərli oğlu Siruz Təbrizli mətbuat və informasiya nasiri olarkən yanına getmişdim. O, katibəyə tapşırmışdı ki, dostlarını qapıda saxlamayıb, birbaşa içəri buraxsın. Mən içəri girəndə o, kiminləsə hökümət telefonunda qışqıra-qışqıra mübahisə edirdi. Dəstəyi yerə qoyandan sonra ərklə hökümət telefonu ilə kiminlə və niyə belə hirsli-hirsli danışdığını soruşdum.
-Ramiz Mehdiyevlə - deyə təmkinli səslə dilləndi, - Neynəyim? İki kərə sakit səslə anlatmışam ki, mən kitab mağazalarını özəlləşdirmək üçün sərəncam verə bilmərəm. Bu mağazalar özəlləşsə orada kitab yox, qadın alt paltarları satacaqlar.
Onun dediyi kimi də oldu. Özəlləşdirilən kitab mağazalarından kitabları yerli-dibli yığışdırdılar. Vitrinlərdəki kitabların yerinə qadın corablarını, alt paltarlarını düzdülər. Onlardan birini görəndə ürəyim ağrıdı... Hələ Çar Rusiyası və Sovet dönəmində işləmiş, qələm sabiblərinin, ziyalıların, tələbələrin görüş yeri olan şəhərin mərkəzində Fəvvarələr meydanının yaxınlığındakı “Kitab passajı” təki tanınan mərkəz də verilmişdi alverçilərin ixtiyarına... Və bu azmış kimi belə obyektlərin tabe olduğu nazirlik də çox keçməmiş yerli-dibli ləğv edildi ki, iddiaçı olmasın. Amma Sirus susmasa da, harayı göbələk təki görünməz yerlərdən çıxan məmur-rüşvətxorlar, sərvət hərisləri mane olmasın deyə onu əbədi susdurdular...
Tariximizin qarışıq, daxilimizdəki düşmənlərin fəal olduğu dönəmdə dövlətçiliyimizin bərpasına içdən də, çöldən də mane olanlar yetərincə idi. Çoxlarına çatmırdı: dövlətə çox gərəkən, Sirus Təbrizlinin başında durduğu, yan-yörəsinə millətsevər, saf kadrlar yığdığı bu örnək nazirlik niyə ləğv olunsun? Bilmirdilər ki, yerlərini bərkidib, milləti də, dövlət başçısını da aldadaraq sərvət toplayanlara belə qurum, Sirus kimi kadrlar, məmurlar gərək deyildi.
Ramiz Mehdiyevin hər yerə uzanan əllərinin şəpəsi mənə də toxundu... Mətbuat tariximizdə ilk ingilisdilli “Azernews” qəzetinin, müstəqil beynəlxalq AssA-İradə XA-nın qurucusu kimi 1991-ci ildən Azərbaycan gerçəkliklərini bir neçə dildə Yaponiyadan Avropaya, Amerikayadək yaydığıma, erməni təbliğatına qarşı yazdıqlarıma görə Mətbuat Şurası tərəfindən 15 il öncələrdə Prezident təqaüdünə təqdim olunmuşdum. Ancaq bu yüksək mükafat Ramiz Mehdiyevin göstərişi ilə erməni-gürcü əsilli Qalina Mikaledze adlı, Azərbaycan mətbuatında işləməmiş birisinə verildi, üstəlik bu azmış kimi yanına “Şərəf” ordeni də qoşdular ki, daha sanballı çıxsın... Mənə isə ictimai-siyasi şöbənin rəhbərliyində dedilər ki, sakit durum, növbəti dəfə sənə də verəcəyik. Bir neçə il gözlədim. Sonra dözməyib yuxarılara yazdım. Heç bir cavab almadım. Ramiz Mehdiyevin şəbəkəsi belə məktubları zibil qutusuna atırmış...
Dövlətin KİV-lərə ayrılan pulları düz yolla gedən media orqanlarına çatmırdı. İndi həbsdə olan Vüqar Səfərli kimiləri həmin vəsaiti ayırdıqları media orqanları rəhbərlərinə öz şərtini qoyurdu: verilən vəsaitin yarısı ona qaytarılmalıdır. Hətta eşitdirirdi ki, onun şöbədən yuxarıdakı ilə yaxın əlaqəsi vardır. Azərbaycan gözəlliklərini əcnəbi dillərdə dünyaya yayan iki media orqanını - ingilisdilli “Azernews” qəzetini və məşhur “AssA-İradə” informasiya agentliyini saxlamaq nə qədər çətin olsa da, mən bu cinayət işinə getmədim. Sözümü üzünə dedim, cavabımı da aldım. PA ictimai-siyasi şöbəsinin məsul işçisi Vüqar Əliyev zəng edib bildirdi ki, mən səlahiyyətli şəxsi təhqir etmişəm... Mən konkret fakt istəyəndə, səsini yumşaldıb bir daha belə münasibətə yol verməməyi tapşırdı. Vüqar Səfərli həbs olunandan sonra yardım haqqında müraciətlərim havada qaldı... İndinin özündə o yardımın hara getdiyini ancaq verənlər və alanlar bilir.
Bu gün Ramiz Mehdiyev və yan-yörəsindəkilər biabırçılıqla səhnədən silinirlər. Vay o gündən ki, onun yolu ilə gedən yeni oyunçular boş kisələrlə meydana girsin. Belə olsa çox çətin olacaq...
Fazil Güney (Abbasov)
yazıçı-publisisti, əməkdar jurnalist


