Masallıda Ulu Öndərin anım günü
“Bu dünyaya gələn hər bir adam bu dünyadan gedəcək. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz qoyur”
Ulu öndər Heydər Əliyev
Masallıda Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü anılıb.
Dekabrın 12-də, səhər saatlarından başlayaraq Masallı şəhər Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ehtiramla yad edilib, abidə qarşısına tər gül dəstələri düzülərək ruhuna dualar oxunub.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və digər rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.
Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “İz” adlı sənədli filmi nümayiş olunub. Heydər Əliyev Fondu tərəfindən ərsəyə gələn, ideyası Ulu Öndərin müasir Azərbaycan tarixində qoyduğu izi ehtiva edən ekran əsəri böyük maraqla qarşılanıb.
Masallı şəhər “İmam Hüseyn” məscidində isə anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb. Mərasimdə Ümummilli Liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Akif AĞAYEV


