4 boksçumuz Avropa çempionatının finalına yüksəlib
Almaniyanın Keinbaum şəhərində 17 yaşlı (U-17) yeniyetmə oğlan və qızlar arasında boks üzrə keçirilən və Azərbaycan boksçularının da qatıldığı Avropa çempionatı finişə yaxınlaşıb. Dekabrın 15-də çempionatda yarımfinal mərhələnin döyüşləri keçirilib və bütün finalçılar müəyyənləşib. Qeyd edək ki, yarımfinal mərhələsində 4 təmsilçimiz rinqə çıxıb. Maraqlıdır ki, yarımfinalçılarimizin hamısı mərhələni aşaraq finala yüksəlib.
ABF-dən verilən məlumata görə, yarımfinalda İngiltərə təmsilçisi Sereana Marianı (5:0) üstələyən Gülər Hüseynova (48 kq) həlledici finalda türkiyəli Asmin Çabasla döyüşə çıxacaq.
Finala çıxışda irlandiyalı Ceyson Maheri (5:0) üstələyən boksçumuz Şahin Aslanov (60 kq) həlledici döyüşdə İngiltərə təmsilçisi Frenki Smitlə üzləşəcək.
1/2-də gürcüstanlı Rati Xaberdiani məğlub edən Qardaş Rəhimov (46 kq) son döyüşünü Rumıniya təmsilçisi Birham-Pasa Museimə qarşı keçirəcək.
Finala çıxışda macarıstanlı rəqibi Aleks Domjan rinqə çıxmağı üçün döyüşsüz finala yüksələn boksçumuz Şukar Əliyevsə (75 kq) çempionluq uğrunda görüşdə ingiltərəli Maykl Muqani ilə qarşılaşacaq.
Yeri gəlmişkən, finala yüksələn 4 boksçumuzun hamısı ən pis halda çempionatın gümüş medalını özünə təmin edib.
İNTİQAM Məmmədov


