Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr olunmuş elmi konfrans keçirilib +FOTO=8

18 dekabr tarixində saat 11:30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransdan öncə Azərbaycan İstiqlal Muzeyinin Fətəli xan Xoyskinin anadan olmasının 150 illik yubileyinə həsr etdiyi "İstiqlalın Zərif İmzası: Fətəli xan Xoyski" adlı sərgi nümayiş olundu.
Tədbir DİA-nın I prorektoru, professor Əlikram Abdullayevin giriş sözü ilə açılıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan dövlətçiliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi konfransda aşağıdakı məruzələr dinlənilib:
Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli “İstiqlal Muzeyi Fətəli xan Xoyskinin işığında” mövzusunda çıxış edərək, görkəmli dövlət xadiminin ictimai-siyasi irsinin muzey ekspozisiyalarında əks olunmasından və onun müstəqil dövlətçilik ideyalarının təbliğindən bəhs edib.
DİA-nın Tarix kafedrasının müdiri, əməkdar müəllim Firdovsiyyə Əhmədova “Fətəli xan Xoyskinin Azərbaycan dövlətçiliyində xidmətləri” mövzusunda məruzə ilə çıxış edərək, onun Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında və hüquqi dövlət əsaslarının yaradılmasında oynadığı mühüm rolu diqqətə çatdırıb.
Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev “Fətəli xan Xoyskinin Gürcüstanla bağlı siyasəti və qətli haqqında məlumatlar” mövzusunda çıxış edərək, tarixi faktlar və arxiv materialları əsasında Fətəli xan Xoyskinin regional siyasəti və faciəli taleyi barədə ətraflı məlumat verib.
Konfrans çərçivəsində Fətəli xan Xoyskinin siyasi irsi, dövlət idarəçiliyi prinsipləri və müasir Azərbaycan dövlətçiliyi baxımından əhəmiyyəti geniş müzakirə olunub.
Tədbirin sonunda vurğulanıb ki, Fətəli xan Xoyskinin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması milli dövlətçilik ideyalarının qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Best coffeeshop in Berlin