Türkiyə Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi üçün şərt irəli sürüb
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, "könüllülər koalisiyası"nın bir hissəsi olaraq Ukraynaya türk sülhməramlı kontingentinin yerləşdirilməsi yalnız atəşkəsdən və hər bir iştirakçı ölkə üçün konkret missiyanın müəyyən edilməsindən sonra mümkündür.
Türkiyə Müdafiə Nazirliyi qeyd edib ki, "Ölkəmiz Rusiya ilə Ukrayna arasındakı münaqişədə uzunmüddətli atəşkəsə nail olmağa yönəlmiş istənilən konstruktiv təşəbbüsə töhfə verməyə hazırdır. Bu kontekstdə biz "könüllülər koalisiyası"nın işində fəal iştirak edirik. Türkiyə qoşunlarını Ukraynaya sülhməramlı qüvvələrin tərkibində yerləşdirməzdən əvvəl əvvəlcə atəşkəsi təmin etmək, sonra isə hər bir ölkənin konkret missiyasını və iştirak səviyyəsini müəyyən etmək lazımdır".
Bundan əlavə, nazirlik vurğulayıb ki, Qara dənizdə güc balansını qorumaq üçün Ankara Bosfor və Dardanel boğazlarında gəmiçiliyi tənzimləyən Montrö Konvensiyasına ciddi şəkildə riayət etməyə davam edəcək.
Nazirlik əlavə edib ki, "Türkiyə [Ukraynada] atəşkəs razılaşmasından sonra Qara dənizdə təhlükəsizlik və sabitliyi, eləcə də gəmiçiliyi təmin etmək üçün hərbi planlaşdırmaya rəhbərlik edir. "Regional məsuliyyət prinsipinə uyğun olaraq, Türkiyə Qara dənizdə güc balansını qoruyan və regional təhlükəsizlik üçün vacib olan Montrö Boğazları Konvensiyasına qərəzsiz və güzəştsiz şəkildə riayət edir və onu tətbiq etməyə davam edəcək".
Türkiyə dəfələrlə 1936-cı ildə imzalanmış Montrö Konvensiyasına ciddi şəkildə riayət etdiyini vurğulayıb və Konvensiyanın 19-cu maddəsinə əsasən, Qara dəniz hövzəsində gərginliyin artmasının qarşısını almaq üçün Rusiya-Ukrayna müharibəsinin əvvəlində münaqişə tərəfləri olan ölkələrdən və sahilyanı olmayan dövlətlərdən hərbi gəmilərin keçidi üçün boğazları bağlayıb.


