Masallıda şəhid ailələri və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı
Masallı rayonunda şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçıları daim diqqət mərkəzində saxlanılır, onların sosial və məişət qayğıları ilə mütəmadi maraqlanılaraq mövcud problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır.
Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov onlarla mütəmadi görüşlər keçirir, müraciət və təkliflərini dinləyir, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər görülür. Eyni zamanda daxil olan müraciətlər əsasında aidiyyəti şöbələrin nümayəndələri şəhid ailələrinin yaşadıqları ünvanlarda yerində görüşlər keçirərək problemlərin operativ həlli istiqamətində işlər aparırlar.
Keçirilən görüşlər şəhid ailələri tərəfindən razılıqla qarşılanır, onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
Qeyd edək ki, Masallı rayonunda 256 şəhid ailəsi, 260 müharibə əlili və 1984 müharibə iştirakçısı mövcuddur. Şəhid ailələrinin üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin və müharibə iştirakçılarının dərman preparatları ilə təmin olunması diqqətdə saxlanılır, əlamətdar günlərdə onlara baş çəkilir, ehtiyacı olanlara maddi yardımlar göstərilir.
2025-ci ilin əvvəlindən indiyədək 16 şəhidin adını daşıyan küçədə və şəhid ailələrinin yaşadığı küçələrdə ümumilikdə 22 200 kvadratmetr sahədə, 310 000 manat dəyərində asfalt örtüyü vurulmuşdur. Asfalt örtüyü olmayan şəhid küçələrində isə 24 000 manat dəyərində qum-çınqıl tökülməklə cari təmir işləri aparılmışdır. Ümumilikdə son 3 il 5 ay ərzində 96 şəhidin adına olan və ailələrinin yaşadığı küçələrdə uzunluğu 36 kilometr, sahəsi 125 000 kvadratmetr olmaqla 1 510 000 manat dəyərində asfaltlaşdırma işləri görülmüş və bu proses hazırda da davam etdirilir.
İki müharibə əlilinin tikməkdə olduğu fərdi yaşayış evlərinə tikinti materialları verilmiş, üç şəhid ailəsinin evində təmir işləri aparılmış, iki şəhid ailəsi üçün isə fərdi yaşayış evlərinin tikintisi davam etdirilir. Bundan əlavə, cari il ərzində 17 şəhid ailəsi və qazi müəyyən tikinti materialları ilə təmin olunmuşdur.
2025-ci ilin əvvəlindən bu günədək şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə iştirakçılarına ümumilikdə 56 964 manat məbləğində maddi yardım göstərilmişdir. Vətən müharibəsi başa çatdıqdan sonra indiyədək imtiyazlı şəxslərə ümumilikdə 478 962 manat məbləğində maddi dəstək verilmişdir.
Akif AĞAYEV


