Rəsmiyyə Sabir:
O GECƏ
20 Yanvar Şəhidlərinin əziz xatirəsinə
O gecə
insanlar
silah yerinə
ürəklərini əllərinə alıb
getdilər
düşmən tanklarının üzərinə.
O gecə
Azadlıq meydanında
yanan tonqalların atəşi
daha da alovlandırırdı
ürəklərindəki hürriyyət eşqini.
O gecə
İlqarın uşaqlığının
sonuncu gecəsiydi...
O gecə
gəmilərin fit səsi
anaların naləsiydi.
O gecə
küçələr
qan gölündə boğulurdu.
O gecə
“Ülvinin andı”ndan
neçə-neçə
qəhrəman doğulurdu.
O gecə
heyrətdən
susmuşdu dillər.
O gecə
güllə səsindən
diksinib açılırdı qərənfillər.
O gecə
küçələrdə
qorxusuzluq, ölümsüzlük
hökm sürürdü.
O gecə
arxamızca
qara kölgələr sürünürdü...
O gecə
dünya başımıza dar idi.
O gecə
və
o səhər -
“20 Yanvar” idi...
Rəsmiyyə Sabir


