Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəmil Sadiq: 

Məktəb dediyin millət üçün afəti-candır

Məktəb dediyin millət üçün afəti-candır

Vallahi, məni şübhə yeyir xeyli zamandır,

Bir kimsəyə lazımdımı məktəb kimi andır?

Həm tədrisi, həm tərbiyəsi xalqa ziyandır,

Mən söyləməsəm də, hamıya hamsı əyandır.

Məktəb dediyin millət üçün afəti-candır.

 

Müəllimlik edib günləri ah-vayla keçirdim.

Qiymət verənim olmasa da, dərsi keçirdim.

Gündə neçə yol şərbət umub, zəhri içirdim.

Burda nə isə eyləmək, əlbəttə, gümandır,

Məktəb dediyin millət üçün afəti-candır.

 

Mən hirslənirəm, hey deyirəm: ”Dərs oxu, bədbəxt. ”

Şagird baxaraq gözlərimə lal durur, əlbət.

Təhsil nəyə lazım, edir həll hər şeyi rüşvət.

Müəllim deyə bilməz, balası, kəs, bu yalandır.

Məktəb dediyin millət üçün afəti-candır.

 

Lap hirslənirəm, qışqırıram: ”Dərs oxu, övlad,”

Övlad gülərək söyləyəcək ki, nə elm-zad?

Rüstəm dayının oğlu məgər dərslə alıb ad?

İnsan kimi, əlbət, yaşayan pullu olandır.

Məktəb dediyin millət üçün afəti-candır.

 

Hər gün bizə müəllim nə deyir anla, düşün sən.

Vardırsa pulun, sən əziyyət görməyəcəksən.

Evrodu, ya dollardı-nədi, ver, deyim əhsən!

Burda çatacaq istəyinə, kim ki kalandır,

Məktəb dediyin millət üçün afəti-candır.

 

Şagird gələrək dərsə girib əylənəcəkmiş,

“Xalqın pulu bizlərdə”, - deyib şellənənəcəkmiş,

Yersiz olaraq hər sözə lağ dillənəcəkmiş,

Bəs mən nə deyim? Çün bu mənim dərsim alandır.

Məktəb dediyin millət üçün afəti-candır.

 

Cabbarlı Cəfər çadranı atsın dedi, övrət.

Qız dərs oxuyub eyləsin öz xalqına xidmət.

Gəl indi bizim gül balalar çöldə qoyub ət.

Şagird oğul hərdən də deyir: ”Gör necə candır?!”

Məktəb dediyin millət üçün afəti-candır.

 

Məktəbdə olan günlərimiz hoqqadır indi.

Sandıqda qalan yaylığımız şapkadır indi.

Keçmişdə olan donlarımız yubkadır indi.

Sadiq, dilə gəl, söylə ki, bu hansı tumandır?

Məktəb dediyin millət üçün afəti-candır.

P.S. 2005-ci il, 20 nömrəli məktəbdə işlədiyim zamanlarda yazmışdım!

Best coffeeshop in Berlin