Əlövsət Kərim:
Bu dünya tam dünya deyil!
Həyat əcəb əyləncədir,
Oyunları çox incədir,
Acizlərə işgəncədir…
Bu dünya tam dünya deyil!
Qəfildən uladı bayquş,
Yuvasında diksindi quş
Qorxusundan oldu bihuş...
Bu dünya tam dünya deyil!
Göydə bulud çox öyündü
Sel-suya, tufana döndü,
Hikkəsi sellərdə söndü...
Bu dünya tam dünya deyil!
Ac yatdı yetimin biri,
Sabaha çıxarmı diri?
"Tox anlamaz acın sirrin"...
Bu dünya tam dünya deyil!
Fələk bəxt üçün yol seçdi,
Bəxtsizə isə "don biçdi" -
O da bu yoldan yan keçdi...
Bu dünya tam dünya deyil!
Dünya bizim dünya deyil!
Əlövsət Kərim


