Peşəkarlıq və dəqiqlik nümunəsi
Haqqında bəhs edəcəyim həkim Sadıqov Rahim Vaqif oğludur. O, uzun illərdir ki, səhiyyə sahəsində, xüsusilə laboratoriya və bakteroloji xidmət istiqamətində peşəkarlığı, məsuliyyəti və insanlara olan həssas münasibəti ilə seçilən tanınmış tibb işçilərindəndir.
Məlumat üçün bildirim ki, Rahim Sadıqov 1997-ci ildə Masallı rayon Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbini, 2002-ci ildə isə Azərbaycan Dövlət Tibb Universitetinin Tibbi biologiya fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra 2002–2003-cü illərdə Bakı şəhər Neyrocərrahiyyə İnstitutunda internatura kursu keçmiş, 2003–2004-cü illərdə isə hərbi xidmətdə olmuşdur.
2004-cü ildən etibarən Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim-laborant kimi fəaliyyətə başlayan Rahim Sadıqov, 2023-cü ildən Masallı Gigiyena və Epidemiologiya Mərkəzində (GEM) çalışmağa davam etmişdir. Hazırda həmin mərkəzdə bakteroloji laboratoriyanın müdiri vəzifəsini icra edir. Bununla yanaşı, “Tuva” Tibb Mərkəzində də peşəkar tibbi fəaliyyətini uğurla davam etdirir.
Rahim Sadıqov dəfələrlə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kurslarında iştirak etmiş, bilik və bacarıqlarını daim təkmilləşdirmişdir. Bu kursların nəticəsi olaraq o, müvafiq sertifikatlara layiq görülmüşdür. 45 yaşlı həkimin peşə səviyyəsinin artırılması üçün müasir tələblərə uyğun çalışmağı onun daim yeniliyə və inkişafa açıq olduğunun göstəricisidir.
Masallı Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Muxtarov Rahim Sadıqov haqqında danışarkən onun işinə olan məsuliyyətini, laborator müayinələrin aparılmasında dəqiqliyini və kollektivlə düzgün əməkdaşlıq bacarığını xüsusi vurğulayır, onu öz sahəsinin peşəkar mütəxəssisi kimi dəyərləndirir.
Onu da əlavə edim ki, mən özüm də sağlamlığımla bağlı bir neçə dəfə bu təcrübəli həkimə müraciət etmişəm. Təkcə mən deyil, bir çox xəstələr də onun rəhbərliyi altında aparılan dəqiq və etibarlı laborator müayinələr sayəsində düzgün diaqnoz qoyulmasına və effektiv müalicə istiqamətinin müəyyənləşdirilməsinə nail olublar.
Rahim Sadıqov təkcə Masallıda deyil, bütövlükdə regionda laboratoriya və bakteroloji sahədə səmərəli fəaliyyəti ilə tanınır. Məlumdur ki, səhiyyədə düzgün diaqnostika müalicənin əsasını təşkil edir. Bu baxımdan Rahim həkimin laboratoriya xidmətinin inkişafına verdiyi töhfələr, onun peşəsinə olan sədaqətinin və insan sağlamlığına verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Hatəm NAĞIYEV,
Birinci qrup əlil.


