Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Xocalı: Əsir Uşaqlıq” sənədli filmi təqdim edilib +FOTO=8

25 fevral tarixində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Nizami Kino Mərkəzində “Xocalı: Əsir Uşaqlıq” sənədli filminin təqdimatı keçirilib.
AZpress.AZ xəbər verir ki, təqdimatda millət vəkilləri, dövlət rəsmiləri, Xocalı sakinləri və gənclər, o cümlədən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. 
Təqdimatdan öncə Kino Mərkəzinin foyesində Xocalı faciəsindən dərhal sonra lentə alınmış fotoşəkillərdən ibarət sərgi nümayiş olunub. Sərginin əsas məqsədi faciə zamanı Xocalı sakinlərinin yaşadığı dəhşətli anları yenidən xatırlamaq  və soyqırımı qurbanlarının xatirəsini yad etmək olub.
Təqdimat Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra təqdim olunan “Xocalı: Əsir Uşaqlıq” sənədli filmində Xocalıda yaşamış Məmmədovlar ailəsinin 8 üzvünün əsir götürülməsi və onların başına gətirilən faciəvi hadisələr və şahid ifadələri öz əksini tapıb. Ekran əsərində Məmmədovlar ailəsinin üzvü Mürvət Məmmədov Xocalı faciəsi zamanı mülki əhalinin, xüsusilə də uşaqların yaşadıqları ağır taledən, həmçinin Böyük Qayıdış layihəsi çərçivəsində Xocalıya geri qayıdan sakinlərin eyni anda yaşadığı kədər və sevinc hissindən bəhs edib.
Nümayişdən sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək Xocalı şəhərinin və onun dinc sakinlərinin başına gətirilən ağır faciədən, bu faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət kimi tarixdə qalmasından, eyni zamanda gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar. Ardınca “CVN Group”un baş direktoru, filmin müəllifi Səbinə Məlikova və soyqırımın canlı şahidi Mürvət Məmmədov çıxış edərək erməni əsirliyində baş verən dəhşətlərin unudulmamasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, sənədli film Azərbaycan Respublikasının Gənclər Fondu, Belə-Belə İşlər və CVN TV, “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə ərsəyə gətirilib.

Best coffeeshop in Berlin