Boksçuların "Böyük İpək Yolu" turnirinə start verilib
Aprelin 2-də Bakı Boks Mərkəzində böyüklər arasında boks üzrə ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirə start verilib. 7 aprel gününədək davam edəcək bu turnirdə Azərbaycan da daxil olmaqla 10 ölkəni (Avstraliya, Türkiyə, Əlcəzair, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Bolqarıstan, Macarıstan və Moldova) təmsil edən 120 dəri əlcək ustası mübarizəyə qatılıb. Reqlamentə görə kişilər 10, qadınlar isə 4 çəki dərəcəsində çıxış edirlər. Turnirin ilk günü 55 və 65 kq çəki dərəcəsində 5 boksçumuz rinqə çıxıb ki, onlardan da dördü adını növbəti mərhələyə (1/4-ə) yazdırıb. 55 kq çəkidə Nicat Hüseynovla Zəlimxan Süleymanov, 65-də isə Malik Həsənovla Mahmud Hüseynov mərhələ keçib. Xatırladaq ki, 1/8 finalda öz komanda yoldaşı Kənan Babayevi mübarizədən uzaqlaşdıran Zəlimxan Süleymanov 1/4-də Nicat Hüseynovla üzləşəcək.
İNTİQAM Məmmədov


