Cüdoçularımız AK-ya 13 medalla başlayıblar
Aprelin 4-də Gəncə İdman Sarayında yeniyetmə oğlan və qızlar arasında cüdo üzrə Avropa Kubokuna start verilib. Ev sahibi Azərbaycanla yanaşı, daha 9 ölkə təmsilçisinin iştirak etdiyi turnirin ilk günü yığmamız üçün uğurlu keçib. ACF-dən verilən məlumata görə, ilk gün tatamiyə çıxan cüdoçularımız üst-üstə 13 (1-4-8) medal qazanıblar. Günün diqqətçəkən məqamlarından biri 55 kq çəkidə Azərbaycan finalının baş tutması olub. Bu cəkidə baş tutan finalda Rza Xəlilli qalib gəlib və qızıl medal qazanıb. Onun məğlub etdiyi komanda yoldaşı İbrahim Talıbov isə gümüş medalla kifayətlənib. Günün digər gümüş medalları Fatimə Fərmanzadə (48 kq), Fərid Rzazadə (50 kq) və İlkin Qarayevin (66 kq) aktivinə yazılıb.
Bürünc medalları isə çıxışını üçüncü yerdə bitirən Günay Salamova (40 kq), Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (52 kq), Zəhra Mövlamverdiyeva, Nərmin Aqamirzəzadə (hər ikisi 52 kq), Fərid Xudiyev (55 kq), Mehman Əsgərov (60 kq) və Sənan Piriyevin (66 kq) payına düşüb.
İNTİQAM Məmmədov


