Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü 

 

Masallı rayonunda Aprel döyüşlərinin onuncu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Aprelin 6-da Viləş kəndində şəhid Əsgərli Nurlan Bayram oğlunun anım günü təşkil olunub.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, digər rəsmi şəxslər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, abidələri önünə gül dəstələri düzülərək xatirələri ehtiramla anılıb. Daha sonra tədbir şəhidin doğulduğu ünvanda davam etdirilib. İştirakçılar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətindən danışıb. Daha sonra Milli Məclisin deputatı Məşhur Məmmədov, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və Viləş kənd tam orta məktəbinin Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri İntiqam Nəsirov çıxış edərək şəhid Nurlan Əsgərlinin qəhrəmanlığından bəhs ediblər.
Çıxışlarda bildirilib ki, gizir Nurlan Əsgərli döyüşlər zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Qeyd olunub ki, onun qardaşı İntiqam Əsgərli də döyüşlərdə iştirak edib, daha sonra Şuşa uğrunda döyüşlərdə şəhid olaraq “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Tədbir çərçivəsində Viləş kənd tam orta məktəbi şagirdlərinin və Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunub.
Şəhidlərin anası Ziba Əsgərli çıxışında göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib, şəhidlərin xatirəsinin daim uca tutulduğunu qeyd edib.
Sonda şəhid qardaşların ev muzeyi ziyarət olunub, xatirə kitabına ürək sözləri yazılıb. Anım mərasimi Viləş kənd məscidində ehsan süfrəsi ilə başa çatıb.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin