Zəngilanda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir
Azərbaycan və Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası bu gün Zəngilan şəhərində keçirilir.
İclasda iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq. Əsas mövzular ticarət dövriyyəsinin artırılması və sənaye kooperasiyası, nəqliyyat və logistika, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi olacaq.
Hökumətlərarası Dövlət Komissiyasının həmsədrləri Baş nazirin müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur.
Bundan əlavə, gündəliyə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, tranzit potensialının genişləndirilməsi və regional layihələrdə qarşılıqlı iştirakın daxil edilməsi gözlənilir. İclasdan sonra tərəflər arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanması planlaşdırılır.
Hökumətlərarası Komissiyanın 23-cü iclası 22 avqust 2025-ci ildə Rusiyanın Həştərxan şəhərində keçirilib.


