Ayiq Səmədov:
Əziz müəllimim Vaqif Yusiflinin doğum günüdür
Bu gün əziz müəllimim, görkəmli alim,tanınmış tənqidçi Vaqif Yusiflinin doğum günüdür.
Yeni yaşınız mübarək,Vaqif müəllim!
Filologiya elmləri doktoru, Əməkdar Mədəniyyət işçisi, "Tərəqqi" medallı Vaqif Əziz oğlu Yusifli 20 aprel 1948-ci ildə Masallı rayonu Ərkivan kəndində anadan olub.
Masallı rayonu C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirdikdən sonra (1966), ADU-nun filologiya fakültəsində(1967-1972) təhsil alıb. Universiteti bitirdikdən sonra üç il (1972-1975) Masallı rayonundakı Yeddioymaq kənd və C. Cabbarlı adına Ərkivan kənd orta məktəblərində müəllim işləyib.Hələ gənc yaşlarından mətbuatda publisistik məqalələrlə çıxış edib.
1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub, 1979-cu ildə “Müasir Azərbaycan nəsrində konflikt və xarakter” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ilin dekabr ayından “Azərbaycan” jurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb. 1997-ci ilin noyabrından həmin jurnalın baş redaktor müavini vəzifəsinə təyin edilib.
2002-ci ildən AMEA - nin Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi çalışmağa başlamış. 2014-cü ildən isə həmin institutda ədəbi tənqid şöbəsinə müdir təyin edilib,İnstitutun doktorluq müdafiə şurasının üzvüdür.
2011-ci ildə “Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Vaqif Yusifli müasir ədəbi prosesdə fəal iştirak edən görkəmli tənqidçilərdən biridir. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 2000-dən çox məqalənin müəllifidir. Bu məqalələr keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini əks etdirir. O, tənqidin müxtəlif janrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələmini sınamışdır.
Məqalələri Azərbaycanın hüdüdlarından kənarda-Türkiyədə və Almaniyada da çap olunub.
Vaqif Yusifli Beynəlxalq Rəsul Rza və Məmməd Araz ədəbi mükafatları laureatıdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə tənqid və ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli fəaliyyətinə görə "Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi" fəxri adına və “Tərəqqi” medalına layiq görülüb.


