Özbəkistanda velosipedçilərin "Tour of Bostonliq" yarışına yekun vurulub
Özbəkistanda Beynəlxalq Velosiped İttifaqınin illik təqvim planına əsasən keçirilən və iki mərhələdən ibarət olan 2.2 kateqoriyalı yürüşə yekun vurulub. Məşqçi Elçin Əsədovun rəhbərliyi altında Azərbaycan yığmasının 6 idmançı ilə qatıldığı bu yürüşün 2-ci mərhələsində iştirakçılar 163 km məsafəni qət ediblər. Bu mərhələdə təmsilçilərimizdən Turan İsrafilov 16-ci, Musa Mikayılzadə finiş xəttini 18-ci sırada başa vurub. Finiş qrup halında baş tutduğu üçün yerlər fotofinişə əsasən müəyyən edilib.
Xatırladaq ki, 146 km-lik birinci mərhələdə finişə 4-cu yerdə catan Musa iki mərhələnin ümumi nəticəsinə əsasən də 4-cü olaraq millinin aktivinə 20 xal yazdırıb.
Xatırladaq ki, Özbəkistan yürüşü velosipedçilərimiz üçün 10-14 May günlərində ölkəmizdə keçiriləcək Bakı -Xankəndi yürüşünə sınaq xarakteri daşıyıb.
İNTİQAM Məmmədov


