Boks üzrə "Heydər Əliyev Kuboku" turniri Bakıda keçiriləcək
17 yaşadək oğlan və qızlar arasında "Heydər Əliyev Kuboku-2026" Beynəlxalq Boks Turniri Bakıda başlayır.
Yarış 2 may tarixində Bakı Boks Mərkəzində başlayacaq və 185 idmançının iştirakı ilə keçiriləcək. Azərbaycan komandasından əlavə, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova komandaları və neytral idmançılar da iştirak edəcək.
Turnirdə 23 çəki dərəcəsi üzrə qaliblər müəyyən olunacaq: 14-ü oğlanlar, 9-u qızlar. Final görüşləri 7 may tarixinə planlaşdırılıb.
Açılış mərasimi yarışın ilk günündə saat 15:00-da keçiriləcək, ardınca görüşlər keçiriləcək. Turnirin rəhbəri Ukraynalı Pavlo Vasilinçuk, baş hakim isə Anar Babanlı təyin edilib.


